Azərbaycanla İran arasında avtomobil körpüsü açılıb
26 İyun 2011 Bazar 11:22
Sərhəd buraxılış-məntəqəsi artıq istifadəyə verilib.
Azərbaycanla İranı birləşdirən avtomobil körpüsü artıq açılıb. Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri ilə İranın eyni adlı şəhərini birləşdirən sərhəd buraxılış məntəqəsi həftənin cümə günü istifadəyə verilib. Açılış mərasimində Azərbaycanın Respublikasının baş naziri Artur Rasizadə, Naxçıvan Muxtar Respubkliası Ali Məclisinin sədri Vasif Talıbov və İranın birinci vitse-prezidenti Muhammedrza Rahimi iştirak edib.

Azərbaycan hökumət başçısı Artur Rasizadə bildirib ki, Azərbaycan İranla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir: “İran rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyib və bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub”.

Görüş zamanı İranın vitse-prezidenti M. Rahimi baş nazir Artur Rasizadəni İrana dəvət edib.

“Azərbaycanla İran, eləcə də Naxçıvan Muxtar Respublikası arasında möhkəm əsasda əlaqələrin genişləndirilməsi xalqlarımızın iradəsinin təcəssümüdür”,-deyə İranın vitse-prezidenti M. Rahimi əlavə edib.

Xatırladaq ki, Azərbaycan və İranı birləşdirən avtomobil körpüsü 2007-ci ilin avqust ayında iki ölkənin imzaladığı hökumətlərarası Memoranduma uyğun olaraq tikilib. Körpünün uzunluğu 250 m, eni isə 11,8 metrdir, yükgötürmə qabiliyyəti isə 45 tonndur. Sərhəd buraxılış məntəqəsi gecə-gündüz fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar