Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başlayır
27 Fevral 2012 Bazar Ertəsi 17:21
Martın 1-də Avropa Birliyinin (AB) missiyası Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı rəsmi danışıqlara başlamaq üçün Azərbaycana səfər edəcək.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, missiyaya beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Rob Rozenburq və viza siyasəti bölməsinin rəhbər müavini Diederik Paalman həmsədrlik edəcəklər.
"2009-cu ildə Şərq Tərəfdaşlığı təşəbbüsünü başlamaqla biz AB və onun Şərq qonşuları arasındakı əlaqələri hədəfə almışıq. İndi Azərbaycanla viza rejimi ətrafında danışıqlara başladıqda bu təşəbbüsün bəhrəsini görürük. Viza rejiminin sadələşdirilməsi AB və Azərbaycanda insanlar arasında daha çox əlaqələrin qurulması, mübadilə və biznes imkanlarının artırılması məqsədini daşıyır. Bu, sadəcə olaraq insanlar üçün mobilliyin artması deməkdir. AB və Azərbaycanın vətəndaşları bunu səbirsizliklə gözləyir", - deyə AB-nın Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jerom Pons brelə deyib.
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar prosesi bir ölkədən digərinə səfərləri asanlaşdırır. Bu zaman digər məsələlərlə yanaşı, viza ərizələrinin dəstəklənməsi üçün təqdim olunan sənədlərin sadələşdirilməsi, etibarlılıq müddəti daha uzun olan çoxdəfəli vizaların verilməsi imkanı, xüsusi kateqoriyadan olan yolçular üçün müraciət haqlarının azaldılması, viza ərizələrinin işlənməsi üçün son müddətlər dəsti və s. kimi məsələlər nəzərdən keçirilir. Eyni zamanda readmissiya sazişi ətrafında aparılacaq danışıqlar yekunda AB və ya Azərbaycanın ərazisində icazəsi olmadan yaşayan vətəndaşların qayıdışı üçün mexanizmlər təmin edir.
DOSTLARINLA PAYLAŞ: