Azərbaycanın xarici borcları niyə artır?
04 İyun 2010 Cümə 15:45
Azərbaycanın xarici borcları niyə artır? Ekspertlər hökuməti diqqətli olmağa çağırırlar.
Azərbaycanın xarici dövlət borcunun həcmi bu ilin aprel ayının 1-nə 3 440,3 milyon ABŞ dolları təşkil edib. Bu da ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 0,5 faiz çoxdur. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 8 faizə bərabər olub. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 1-i vəziyyətinə istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 381,3 dollar təşkil edib. Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı olub. Belə ki, bu cür kreditlərin həcmi 3 126,38 milyon dollar və ya ümumi xarici borcun 90,88 faizini təşkil edib.
Bu məbləğin 256,37 milyon dolları (7,45 faizi) Dünya Bankı, 57,54 milyon dolları isə (1,67 faizi) Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Məlumat üçün deyək ki, bu il istifadə edilən kreditlərin həcmi isə aprelin 1-nə 154,3 milyon dollar təşkil edib.
Azərbaycanın xarici borclarını qısa şəkildə bu cür təsvir etdikdə bəlli olur ki, hər bir ölkə vətəndaşının bu gün xarici ölkə və maliyyə təşkilatlarına 381,3 dollar borcu var. Halbuki Azərbaycanda bu gün iqtisadi durum normaldır, neft gəlirləri isə artan xətt üzrə inkişaf edir. Hətta bu durum imkan verir ki, ölkəmizin xarici borcları azaldılsın və ya olmasın. Lakin reallıq əksini deyir. Fakt ondan ibarətdir ki, Azərbaycanın xarici borcları durmadan artır. Bu, nə qədər qorxuludur?
“Azərbaycan hökuməti hər ildə bir dəfə parlament qarşısında hesabat verir. Bu hesabata xarici borclarla bağlı məqam da daxildir. Təəssüf ki, heç vaxt hökumət nümayəndələri ölkənin xarici borclarının artmasının səbəblərini, ümumiyyətlə bu borclara nə qədər ehtiyac olduğunu izah etmir. Bəlkə də bu barədə məlumat verilsəydi, hər hansı münasibət bildirmək daha asan olardı”. Bu fikirləri ANS PRESS-ə açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib. Onun sözlərinə görə, borcların nə qədər ictimai əhəmiyyət daşıdığını cəmiyyətə hökumət özü izah etməlidir.
Ekspert bildirir ki, hökumət mövcud xarici borcun təhlükəli həddə olmadığı qənaətindədir: “Bildirilir ki, bizim xarici borcumuzun ümumi daxili məhsulda payı 7 faizdən bir az artıqdır. Ancaq ötən ilin uyğun vaxtı ilə müqayisə etsək, o zaman bu rəqəm 3 faizdən bir az çox idi. Deməli, bir il ərzində xarici borcun həcmi 2 dəfə artıb. Doğrudur, bəzi ölkələr var ki, orada xarici borcun ümumi daxili məhsulda payı 50 faiz, bəzilərində hətta 100 faizdir. Bu mənada ümumi müqayisədə Azərbaycanın xarici borcunu təhlükəli hesab etməmək olar. Ancaq nəzərə almaq lazımdır ki, bizim ölkədə ÜDM-lə bağlı rəqəm çox sürüşkəndir. Çünki hökumətin özünün etirafına görə, ÜDM formalaşmasında 50 faiz neftin payına düşür. Lakin neft həmişə bu həcmdə hasil olunmayacaq. Hətta Beynəlxalq Valyuta Fondu da həyəcan təbili çalır ki, 2014-cü ildən Azərbaycanda ÜDM-in həcmi azalmağa başlayacaq, çünki bu ildən ölkədə neft hasilatı aşağı düşəcək. Bu baxımdan 5-10 ildən sonra biz görəcəyik ki, xarici borcların ÜDM-də payı 7-8 faiz deyil, daha böyük rəqəmlərə çatıb. O zaman biz borclanmanı daha yaxından hiss edəcəyik. Bir məqamı da nəzərə almaq lazımdır ki, bizim aldığımız xarici borclarda qaytarılma vaxtı 15-20 il sonra göstərilib. Deməli bu borcların aktiv qaytarılma vaxtı 2020-2030-cu illərə təsadüf edəcək. Həmin vaxtlar isə Azərbaycanda neft hasilatının ən aşağı düşən illəri olacaq. Bu proqnoz bütün beynəlxalq təşkilatlar tərəfindən verilir. Bunu da nəzərə almaq lazımdır”.
Ölkənin xarici borcu olan 3 milyard 440 milyondan artıq rəqəmin nə qədər təhlükəli olduğuna gəlincə, R.Ağayev dolğun iqtisadi siyasət aparıldığı, neft pullarından səmərəli istifadə edildiyi halda məlum rəqəmin heç də qorxulu olmadığını vurğulayır. Onun sözlərinə görə, hökumətin fəaliyyətində belə nüans müşahidə edilmir: “Bu gün qeyri-neft sektoru çox bərbad durumdadır. Ancaq rəsmilər deyir ki, Azərbaycanda neft sektorunun inkişafı fonunda qeyri-neft sektorunun çökəcəyi gözlənilirdi, lakin bu baş vermədi, qeyri-neft sektoru da inkişaf edib. Bu cür yanaşma ilə mən düşünürəm ki, problem mütləq yaşanacaq və ölkədə xarici borcların qaytarılması ilə bağlı çətinliklər yaşanacaq. Çıxış yolu neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi, xüsusilə aqrar sektorun inkişafına nail olunmasından keçir. Əgər Azərbaycanda ÜDM-də kənd təsərrüfatı mallarının payı kəskin artmasa, 2014-cü ildən sonra xarici borclar bütövlükdə Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, YAP-çı millət vəkili Nazim Məmmədov ümumiyyətlə borc götürmənin əleyhinə olduğunu önə çəkir. Bununla belə millət vəkili müxtəlif ölkələrin müəyyən layihələri həyata keçirməsi üçün müxtəlif beynəlxalq təşkilatlardan borc almasının mümkünlüyünü də söyləyir. Onun sözlərinə görə, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr borc üçün beynəlxalq valyuta təşkilatlarına üz tuturlar: “Azərbaycanda 1 aprelə olan məlumata görə, xarici borcun ümumi miqdarı 3,4 milyard dollardır. Ümumi daxili məhsulda faiz nisbəti isə 8 faizə yaxındır. Borcların strurkturuna baxan zaman bəlli olur ki, ən böyük pay elektrik enerjisinin səmərəli nəqli üçün infrastrukturun yenilənməsinə aiddir. Bu sahədə xeyli işlər görüldü. İkinci böyük pay isə nəqliyyat sektoruna aiddir. Onu da deyim ki, xarici borcun ÜDM-də faizinə baxan zaman borclara ehtiyatla yanaşmağın vacibliyi anlaşılır. Bu borclar əsasən 20-30 illiyə götürülüb. İlk 5-10 il isə güzəştli müddət hesab olunur. Bir məqamı da deyim ki, artıq hökumət də borclara ehtiyatla yanaşır. Çünki Azərbaycanın özünün də kifayət qədər valyuta ehtiyatları var. Ancaq mən hökumətin diqqətini o məqama çəkirəm ki, dövlətin aldığı bu borclar hansı sahəyə istifadə olunubsa, o sahəyə cavabdeh qurumlar tərəfindən də ödənilsin. Məsələn, nəqliyyat sektoruna xərclənən vəsaiti Nəqliyyat Nazirliyi ödəsin. Onu da qeyd edim ki, 2009-cu ildə borcların ödənilməsi dinamikası 6,2 dəfə artıb. Biz çalışmalıyıq ki, həm də borc verən ölkə kimi verdiyimiz borclardan qazandığımız rezervlər hesabına öz borclarımızı ödəyək. Belə olarsa, biz öz rezervlərimizdən daha səmərəli istifadə etmiş olarıq”.
Həm dövlət büdcəsinin, həm də xaricdən borc alınan vəsaitlərin böyük hissəsinin investisiya layihələrinə ayrılmasına gəlincə, millət vəkili deyir ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxmış bir ölkədir. Bizdə bir sıra sahələr, o cümlədən magistral yollar bəlli səbəblərdən yaxşı durumda deyil. Buna görə də adı çəkilən vəsaitlərin investisiya layihələrinə xərclənməsinə təbii baxmaq lazımdır.
Ceyhun Nağı ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar