Azərbaycanın Suriyadakı səfiri və səfirliyin əməkdaşları ölkəni tərk ediblər
08 Avqust 2012 Çərşənbə 12:07
Azərbaycan tərəfi səfirliyin işçilərinin ölkəni tərk etməsi üçün hər cür şərait yaradıb.
Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri təhlükəsizliyin təmini üçün Suriyanı tərk ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfi səfirliyin işçilərinin ölkəni tərk etməsi üçün hər cür şərait yaradıb.

"Hazırda Suriyada Azərbaycan vətəndaşı yoxdur. Bakı ümid edir ki, Suriyada vəziyyət tezliklə normallaşacaq və Azərbaycanın diplomatik missiyası öz fəaliyyətini bərpa edəcək", - XİN-in məlumatında deyilir.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfəri keçib. 230 minə yaxın insan qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar