Azərbaycanın Sumqayıt şəhərinin gerbi qəbul edilib
22 İyul 2011 Cümə 19:20
Azərbaycanın iri sənaye şəhəri olan Sumqayıtın gerbi qəbul edilib. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 22-də şəhər aktivinin bu ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında şəhər gerbinin təqdimatı olub.
Şəhər gerbinin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş eskizlər mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, müsabiqəyə 50-yə yaxın eskiz qəbul edilib. Müzakirə prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə verilib. Sumqayıt sakinlərinin fikrincə, xüsusi komissiya tərəfindən seçilmiş gerb sülhsevər və pozitiv əhval-ruhiyyəli bu sahilyanı şəhərin tərəqqiyə can atması ideyasını inandırıcı şəkildə əks etdirir.

Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status qazanacaq. Bundan sonra Sumqayıt müəssisələrində buraxılan bütün məhsulların üzərinə Sumqayıtın gerbi vurulacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar