Azərbaycanın Pakistandakı səfirliyi: Bakıdan yeni təlimatlar gözləyirik
22 İyul 2011 Cümə 16:02
Azərbaycanın Pakistandakı səfirlyi olaraq təyyarə qazasının araşdırılması istiqamətində əlimizdən gələni etməkdə davam edəcəyik.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı, eyni zamanda Əfqanıstanda akkreditə olunmuş səfirliyinin katibi Çinqiz Qəribli deyib.

Əfqanıstanda Azərbaycana təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiya üzvlərinin Bakıya dönməsindən sonra növbəti mümkün addımlar barədə danışan diplomat həm İslamabaddakı Əfqanıstan səfirliyi, həm də Kabildəki mərkəzi əfqan höküməti ilə birbaşa təmasları davam etdirəcəklərini bildirib.

Ç. Qəribli hazırda səfirliyin məsələ ilə bağlı Bakıdan yeni təlimatlar gözlədiyini vurğulayıb: “Yeni təlimatlara uyğun olaraq qəza bölgəsindən cəsədlərin çıxarılması istiqamətində səylər göstəriləcək və hərəkət planı bəlli olacaq”.

Bir qədər öncə Azərbaycan tərəfinin Əfqanısan hökumətinə və İSAF beynəlxalq koalisiya qüvvələrinə verdiyi notalara gəlincə, diplomat hələlik cavab almadıqlarını söyləyib.

Ç. Qəribli onu da deyib ki, təyyarənin “qara qutu”suna Beynəlxalq Mülki Aviasiya Təşkilatının Moskvadakı labaratoriyasında baxış keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, qəzanın səbəblərini araşdıran komissiya Əfqanıstandan Bakıya dönərək, iyulun 21-də mətbuat konfransı keçirib. Mətbuat konfransında qəzanın baş verdiyi əraziyə getmək, habelə cəsədləri götürmək istiqamətində səylərin hələlik nəticə vermədiyi açıqlanıb.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar