Azərbaycanın növbəti uğuru
29 Noyabr 2011 Çərşənbə Axşamı 16:18
Ölkəmiz YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin Vitse Prezidenti seçilib.
Bu gün İndoneziyanın Bali adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti altıncı sessiyasının sonuncu günündə Komitənin yeni prezidenti, dörd Vitse-Prezidenti və Məruzəçisinin seçkiləri keçirilib. Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, Qrenada Komitənin sədri, Azərbaycan, İran İslam Respublikası, Madaqaskar və Mərakeş Vitse-Prezident, İspaniya isə Komitənin məruzəçisi seçilib.
İclasda qərara alınıb ki, Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası Qrenadada keçiriləcək.
Bununla yanaşı, Komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, ölkəmizin iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiya edilməsi tövsiyə edilib. QHT-lərin akkreditasiyası 2012-ci ildə keçiriləcək Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Konvensiyanın İştirakçı Dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası zamanı həyata keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: