Azərbaycanın müharibə istəyi artıb?
20 İyul 2010 Çərşənbə Axşamı 18:15
Azərbaycanın müharibə istəyi artıb? "Qarabağ gündəliyi"nin növbəti sayında maraqlı məqamlar yer alıb.
Qarabağ Azadlıq Təşkilatının aprelin 1-dən iyunun 30-na qədər olan dövrü əhatə edən “Qarabağ gündəliyi” məcmuəsinin növbəti, 3-cü sayı çapdan çıxıb. QAT-ın mətbuat xidmətinin məlumatına görə, buraxılışda Qarabağ münaqişəsi ilə bağlı son üç ay ərzində baş vermiş hadisələr, müzakirə olunan məsələlər, tərəflərin mövqeyində müşahidə olunan dəyişikliklər, beynəlxalq təşkilatların münasibəti, ekspertlərin rəyləri, atəşkəsin pozulması statistikası və digər məsələlər əks etdirilib. Müşahidələr aşağıdakı nəticələrə gəlməyə imkan verir:

1. Azərbaycan tərəfinin işğalçı Ermənistana qarşı müharibəyə başlamaq istəyi bir qədər artıb. Bu, prezident İlham Əliyevin açıqlamaları, Müdafiə Nazirliyində müşavirə keçirməsi, hərbi təlimlərdə iştirakı, Müdafiə Nazirliyi əməkdaşlarının cəbhə xəttinə səfəri, cəbhə xəttində erməni hücumlarının qarşısının kəskin şəkildə alınması ilə müşahidə olunub.

2. Ermənistan daha barışmaz tərəfə çevrilib. Ermənistan ilk dəfə aydın şəkildə nümayiş etdirib ki, onun üçün münaqişənin yalnız 2 həll variantı var: Birincisi, Dağlıq Qarabağ müstəqil olmalıdır; ikincisi, bu, mümkün olmasa, status-kvo heç bir cüzi dəyişiklik olmadan saxlanılmalıdır. Ermənilər yenidən, birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, meyit alverinə başladılar. Bu da müharibənin yenidən başlayacağı günün uzaqda olmadığını göstərən əlamətlərdəndir.

3. Beynəlxalq təşkilatların gücsüzlüyü və bəzi ölkələrin mövqeləri bir daha aydınlaşdı. Rusiya vəziyyətin dəyişməsinə imkan verməyəcəyini daha aydın şəkildə göstərdi. ABŞ və Fransa münaqişənin Ermənistanın tələblərinə uyğun həllinə çalışdıqlarını göstərdilər.

4. Müharibənin labüdlüyü özünü daha aydın şəkildə büruzə verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar