Azərbaycanın millət vəkilləri İrana səsləndilər
30 Sentyabr 2011 Cümə 13:31
Qənirə Paşayeva: “Azərbaycanlıların səsini eşidin".
Azərbaycan Milli Məclisinin 2011-ci il payız sessiyasının ilk iclasında bir neçə millət vəkili İrandakı Urmiya gölünün quruması məsələsini qaldıraraq İran hökumətinin buna etiraz edən azərbaycanlılara qarşı həyata keçirdiyi tədbirləri tənqid edib. APA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva hazırda Urmiya gölünün quruması ilə Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının həyatının təhlükədə olduğunu deyib. O, İran parlamentinə səslənib: “Azərbaycanlıların səsini eşidin. Urmiya gölünün qurudulmasına etiraz edən azərbaycanlıları həbs edir, yaralayır, səsini qaldıranların ailələrinə qarşı repressiyalar həyata keçirilir. Bu, bizim milyonlarla insanımızın həyatına təsir edir. Dünyada elə bir dövlət yoxdur ki, əhalinin yarıdan çoxu öz ana dilində təhsil ala bilməsin. Mən İran parlamentinə səslənirəm. Azərbaycan əleyhinə fəaliyyət göstərən “Səhər” kanalına verdiyiniz pulu Urmiya gölünün qurumasının qarşısını almağa yönəldin”.
Daha sonra beynəlxalq təşkilatlara üzünü tutan Q. Paşayeva insan haqları ilə məşğul olan qurumları bu proseslərə göz yummamağa çağırıb.
Mövzu barədə çıxış edən Fəzail Ağamalı qeyd edib ki, bu gölün quruması regionun ekologiyasının pozulmasına təsir göstərəcək, Azərbaycan və Naxçıvan MR bu təsiri daha çox hiss edəcək. Deputat bildirib ki, Azərbaycan parlamenti İran parlamentinə müraciət edərək bu sahədə aktivliyi artırmasını istəyə bilər. Onun fikrincə, rəsmi Bakı bu məsələdə İrana öz köməyini təklif etməlidir.
Q. Paşayevanın fikirlərini Fərəc Quliyev və Siyavuş Novruzov da dəstəkləyib. S. Novruzov hesab edir ki, bu problem barədə ayrıca bəyanat da qəbul edilə bilər: “Amma gərək orada yaşayan azərbaycanlılar da səslərini qaldırsınlar. Onlar da aktiv olmalıdırlar”.
İqbal Ağazadə isə bəyan edib ki, İranda 35 milyon Azərbaycan türkünün haqları pozulur. Bu prosesi eynilə 1988-ci ildə Ermənistandan azərbaycanlıların köçürülməsinə rəsmi Bakının səssiz qalması ilə müqayisə edən millət vəkili, Urmiya gölünün qurumasının ətrafdakı 14 milyon azərbaycanlının köçürülməsinə hesablandığını vurğulayıb: “Azərbaycan hökuməti buna göz yummamalı, kəskin etiraz bildirməlidir. Müvafiq qurumlar bununla bağlı öz mövqeyini sərt şəkildə açıqlamalıdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: