Azərbaycanın millət vəkili üç beynəlxalq iqtisadi forumda iştirak edəcək
26 Avqust 2010 Cümə Axşamı 15:00
Nazim Məmmədov Polşada keçirilən iqtisadi sammitdə məruzə ilə çıxış edəcək.
Azərbaycan Milli Məclisinin deputatı Nazim Məmmədov sentyabrda keçirilən üç beynəlxalq iqtisadi forumda iştirak edəcək. Millət vəkili ANS PRESS-ə açıqlamasında bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-dən 11-dək Polşanın Krinitsa şəhərində keçirilən iqtisadi sammitə qatılacaq. Nazim Məmmədov “İnvestisiyalar böhrandan çıxış yolu kimi” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, ikinci Davos forumu adlanan Krinitsa sammitində 60-dan artıq ölkədən dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Avropa Birliyinin təşkilatçılığı ilə 1991-ci ildən etibarən keçirilən bu forumda Azərbaycan indiyədək əsasən vitse-spiker, baş nazirin müavini və sənaye və energetika naziri səviyyəsində təmsil olunub.
Millət vəkili 7-8 sentyabr tarixlərində Polşanın Tarnov şəhərində keçirilən investisiya forumunda, eləcə də sentyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İstanbul Maliyyə Sammitində (İFC-2010) də iştirak edəcəyini bildirib. Bu tədbirdə də azərbaycanlı deputatın məruzə ilə çıxış etməsi gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: