Azərbaycanın Litvadakı səfirliyi Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirib
20 Mart 2012 Çərşənbə Axşamı 06:39
Vilnüsün ən böyük mehmanxanalarından olan Holiday İnn otelində Azərbaycanın Litvadakı Səfirliyi Novruz bayramını təntənə ilə qeyd edib.
Səfirlikdən APA-ya verilən xəbərə görə, səməni, xonça, buta və digər novruz ab-havasında xüsusi zövqlə bəzədilmiş zalda Azərbaycan təbiətini, tarixi memarlığını əks etdirən foto plakatlar nümayiş etdirilib. Milli geyimlərdə qız və oğlanlarımız qonaqları mehribanlıqla qarşılayıblar.
Səfir Həsən Məmmədzadə çıxış edərək, qonaqları və həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik etmiş, xalqımızın ən sevimli bayramının Azərbaycanda böyük coşqu ilə qeyd edilməsindən danışıb. Səfir təbiətin oyanışından, baharın gəlişindən xəbər verən Novruzun qədim kökləri, təbiətlə əlaqəsi barədə söhbət açmış, sülhü, dözümlülüyü və həmrəyliyi əks etdirdiyini bildirib. Azərbaycan dövlətinin rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını, BMT miqyasında təntənə ilə keçirildiyini qeyd edib.
Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingeris tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın son illər qazandığı uğurlardan sevindiklərini bildirmiş, Novruzun Azərbaycan xalqına ruzi bərəkət, əmin-amanlıq gətirməsini diləyib.
Litva Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Egidiyus Vareikis çıxış edərək, Azərbaycanın dostu olan Litvada Novruzun bayram əhval ruhiyyəsində keçirilməsindən duyduğu məmnuniyyəti dilə gətirib, Novruz bayramı münasibətilə xoş arzularını çatdırıb.
Qonaqların da yaxından iştirakı ilə yumurta döyüşdürmə, fala baxma, papaqatma kimi Novruz atributlarını özündə əks etdirən səhnəciklər göstərilib, adət-ənənələrimiz təsviri şəkildə nümayiş etdirilib. Azərbaycanlı balacalar Novruza həsr olunmuş şeirlər deyiblər. Litvada təhsil alan tələbələrimizin rəqslərinə Seymin üzvləri, Azərbaycan diplomatları, soydaşlarımız, eləcə də litvalı qonaqlar böyük həvəslə qoşulublar.
Mərasim iştirakçıları zəngin mətbəximizin nümunələrindən olan dolma və plov çeşidlərinin, şəkərbura, paxlava, qoğal və digər bayram nemətlərinin dadına baxıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar