Azərbaycanın iştirakı ilə BMT TŞ-nin ilk toplantısı yanvarın 4-də keçiriləcək
03 Yanvar 2012 Çərşənbə Axşamı 11:21
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb.
Rusiya və ABŞ da daxil olmaqla, BMT-nin bir sıra üzvləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində fəaliyyətə başlamasını rəsmi olaraq alqışlayıblar. BMT İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, Təhlükəsizlik Şurası yanvarın 4-də toplaşacaq.
Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləridir. Azərbaycan BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirib.
Yanvarın 1-dən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb. Azərbaycan iki il müddətinə BMT TŞ-na qeyri-daimi üzv seçilmişdir. Ötən il oktyabrın 21-də keçirilən səsvermə nəticəsində Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-na qeyri-daimi üzv seçilmişlər. Oktyabrın 24-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan 155 səs toplayaraq iki il müddətinə quruma qeyri-daimi üzv seçilib.
Azərbaycan bu postda səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatmış Bosniya və Herseqovinanı əvəzləyib.
DOSTLARINLA PAYLAŞ: