Azərbaycanın iqtisadi inkişaf naziri Özbəkistanda çıxış edib
06 Noyabr 2010 Şənbə 10:40
Çıxış Özbəkistanda keçirilən Azərbaycanın ilk Milli Sərgisi çərçivəsində baş tutub.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Uzekspomərkəz”də Azərbaycan Respublikasının xarici ölkədə ilk Milli Sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, 170-dən çox müəssisə və təşkilat iştirak edir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Özbəkistan baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyev Özbəkistan hökuməti adından tədbir iştirakçılarını salamlayaraq, sərginin Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafında, əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətini qeyd edib.
Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxışında Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə edilmiş nailiyyətlər, eləcə də Azərbaycan-Özbəkistan iqtisadi-ticarət əlaqələri barədə məlumat verib. Azərbaycanın ilk Milli Sərgisinin Özbəkistanda keçirilməsinin təsadüfi olmadığını vurğulayan Ş. Mustafayev iki ölkəni dil, din, mədəniyyət və tarixi köklərin, həmçinin dinamik inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələrin birləşdirdiyini vurğulayıb. Qeyd edilib ki, bu cür sərgilər iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi, ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir.
Sonra 4550 kvadrat metr sahəni əhatə edən sərgiyə baxış keçirilib. Sərgidə ölkəmizin iqtisadi potensialını əks etdirən stendlər, o cümlədən sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, mədəniyyət, xalq tətbiqi sənəti, səhiyyə, təhsil, idman və digər sahələrə dair 170-dən çox müəssisənin 1700 çeşiddən artıq məhsulu nümayiş etdirilir. Tədbir çərçivəsində iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materialları da paylanılıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin sentyabr ayında Özbəkistana rəsmi səfəri zamanı iki ölkənin dövlət başçısı arasında Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının Milli Sərgisinin keçirilməsi barədə razılıq əldə edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: