Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasına saatlar qaldı
08 Fevral 2013 Cümə 00:26
Bakı vaxtı ilə saat 2:20 radələrində Fransız Qvianasındakı Kuru kosmodromunda ölkəmiz üçün tarixi hadisə baş verəcək
Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki bu gecə Bakı vaxtı ilə saat 2:20 radələrində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılacaq.
Artıq peyk orbitə çıxarılmaq üçün tam hazırlıq vəziyyətinə gətirilib.
“Azerspace-1” peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub. Peyk kosmik orbitə Fransanın “Arianespace” şirkəti tərəfindən hazırlanıb və yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə çıxarılacaq. Peykin kosmodromdan startından təqribən 33 dəqiqə sonra raketin gövdəsindən ayrılacağı gözlənilir.
Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunun 50-dən çox ölkəsini birləşdirən geniş kosmik məkanda mühüm rol oynayacaq.
Çəkisi 3,2 ton olan peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanıb. Peykin idarə olunması üçün Azərbaycanda regional idarəetmə mərkəzi və ehtiyat idarəetmə mərkəzi yaradılmışdır. Regional idarəetmə mərkəzindən təkcə Azərbaycanın deyil, digər ölkələrin region üzərindən uçan peyklərinin də idarə olunması üçün istifadə ediləcək.
Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər ABŞ, Fransa və Malayziyada peyklərin idarə olunması üzrə uzunmüddətli kurs və təlimlər keçib.
Xatırladaq ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamı, həmçinin “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaradıb. Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında xüsusi və strateji əhəmiyyəti ilə seçilir.
DOSTLARINLA PAYLAŞ: