Azərbaycanın görkəmli folklorşünası Azad Nəbiyev vəfat edib
15 Fevral 2012 Çərşənbə 12:42
Azərbaycanın görkəmli folklorşünası, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, əməkdar müəllim Azad Nəbiyev vəfat edib.
BDU Həmkarlar İttifaqının sədri Fikrət Şiriyevin APA-ya verdiyi məlumata görə, A. Nəbiyev fevralın 13-də dünyasını dəyişib: “Səhhəti ilə bağlı hər hansı şikayəti yox idi. Elə həmin gün də saat 5-ə qədər Universitetdə olub. Evə gedəndən sonra qəflətən ürək tutması baş verib və vəfat edib”.

F. Şiriyevin sözlərinə görə, mərhum sağlığında anadan olduğu Qubanın II Nügədi kəndində dəfn edilməsini vəsiyyət edibmiş. Onun bu vəsiyyəti yerinə yetirilib və mərhum dünən II Nügədi kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, A. Nəbiyev 1945-ci il aprelin 20-də Qubanın II Nüğədi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayıb, "Gənclik" nəşriyyatında redaksiya müdiri, Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. "Dirçəliş və Tərəqqi Partiyası"nın sədri olub. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsinin mətninin sadələşdirilib nəşr etdirilməsi də onun adı ilə bağlıdır. "Azərbaycan dastanları", "Nəğmələr, inanclar, alqışlar, adətlər", "Alqışlar, adətlər, nəğmələr", "Koroğlu dastanı" kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifıdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar