Azərbaycanın fövqəladə hallar naziri: “Zəlzələ bölgəsində qəzalı evləri daha dəqiq müəyyənləşdirmək
14 May 2012 Bazar Ertəsi 15:15
Azərbaycanın zəlzələ baş verən bölgəsində evsiz qalan əhali çadırlarla tam təmin olunub.
Bu barədə APA-ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir qeyd edib ki, hazırda zəlzələ bölgəsində planlaşdırılmış işlər ardıcıllıqla davam etdirilir: “Bu gün Qax, Zaqatala və Balakəndə qəzalı evləri müəyyənləşdirməkdən ötrü 15 komissiya araşdırma aparır. Komissiyaların sayının artırılması nəzərdə tutulub. Çünki qəzalı evlərə səthi baxış keçirmək olmaz. Komissiyalar dəqiq araşdırma aparmalı, evlərin nə dərəcədə qəzalı olduğunu müəyyənləşdirməlidir. Komissiyaların təqdimatı əsasında biz öz işimizi görəcəyik”.
K. Heydərov ilk işlərin görülməsi üçün lazım olan inşaat materiallarının artıq gətirildiyini qeyd edib: “Əhaliyə ilk ərzaq yardımı da göstərilib və bu, ayda bir dəfə davam etdiriləcək. Sakinlər üçün müvəqqəti hamamlar tikilir, artıq bir neçəsi istifadəyə verilib. Evləri dağılan sakinlərdən ötrü xüsusi çadırlar quraşdırılıb ki, burada onlar istirahət etmək, televiziyaya baxmaq, ölkədə baş verən prosesləri izləmək imkanına malikdirlər. Bütün məsələlər prezident İlham Əliyevin bilavasitə diqqət mərkəzindədir. Hər gün görülmüş işlərlə bağlı prezidentə məruzə olunur”.
Nazir yerli əhalinin də zəlzələnin fəsadlarının aradan qaldırılmasına yaxından köməklik etdiyini bildirib: “Yerli sakinlər aparılacaq tikinti işlərində çalışmaq istəyini bildirib. Onlar bu məqsədlə burda çalışacaq şirkətlərə müraciət ediblər. Sakinlər həmin şirkətlərlə razılaşıb, tikinti işlərində iştirak edə biləcəklər”.
K. Heydərov hazırda bölgədə təkanların davam etdiyini bildirib: “Hazırda təkanlar az güclə davam etməkdədir. Bu geoloji bir prosesdir. Mütəxəssislərin dediyinə görə, qarşıda hər hansı dağıdıcı təkanlar gözlənilmir. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyi hər cür təhlükəsizlik tədbirləri görməkdədir”.
DOSTLARINLA PAYLAŞ: