Azərbaycanın Ermənistan üzərində daha bir diplomatik qələbəsi
07 Sentyabr 2011 Çərşənbə 03:18
MDB Dövlət Başçıları Şurasının Sammitində işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi növbəti dəfə ifşa edildi.
Həyata keçirdiyi işğalçılıq siyasətini hər vəchlə davam etdirməyə çalışması bu gün Ermənistanı humanitar, sosial-iqtisadi və digər mühüm sferalarda daha böyük problemlər məngənəsinə yuvarlamaqdadır. Təcavüzkar ölkənin özündə də açıq etiraf edilir ki, Azərbaycanla müharibə vəziyyəti Ermənistanda bütün vacib sahələrdə yaşanan tənəzzülün kökündə dayanan ən ümdə səbəblərdən biridir. Elə bu səbəbdən artıq Ermənistanda açıq şəkildə belə fikirlər səslənir ki, ölkə hakimiyyəti konstruktiv mövqe nümayiş etdirməli, Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

Məsələn, bu günlərdə erməni rejissor, “Cənubi Qafqaz inteqrasiyası: Alternativ start” ictimai birliyinin rəhbəri Georgi Vanyan sözügedən məsələ ilə bağlı bildirib: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin əsasında Ermənistanın Azərbaycanın ərazi bütövlüyü prinsipini qeyd-şərtsiz tanıması dayanmalı, işğal edilmiş ərazilər isə Azərbaycana qaytarılmalıdır. Bundan sonra Azərbaycan və Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan insanların təhlükəsizliyinə və yurd-yuvalarına qayıtmaq istəyən şəxslərin qayıdışına təminat verə bilərlər”.

Ermənistanda tanınmış ictimai xadim olan Vanyan isə rəsmi İrəvanı öz xalqını girov saxlamaqda ittiham edib. Onun fikrincə, Ermənistan hakimiyyətinin hazırkı siyasəti Azərbaycanla sülhə nail olmağa imkan vermir və ona görə bu siyasəti kökündən dəyişmək lazımdır. Digər erməni ziyalısı, kinorejissor, “Sardarapat” hərəkatının təşəbbüs qrupunun üzvü Tiqran Xzmalyan da bildirir ki, Ermənistanın üzləşdiyi bütün problemlərin kökündə mövcud hakimiyyətin yanlış siyasəti dayanır: “Sovet İttifaqından miras qalmış pis nə varsa, Ermənistanda qorunub saxlanıb, biz sosial bərabərlik və sosial müdafiə baxımından müsbət nailiyyətlərdən asanlıqla imtina etmişik, amma bunun əksinə, xüsusi xidmət orqanlarının özbaşınalığından və digər qüsurlardan xilas olmamışıq”. Xzmalyan 20 yaşlı respublikanı döyülmüş, alçaldılmış və taleyin hökmünə buraxılmış gənc əsgərlə müqayisə edib. Onun sözlərinə görə, Ermənistan üçün ən böyük təhlükə Türkiyə və ya Azərbaycan deyil, ölkədə iqtidarı qəsb etmiş hakim rejimdir.

Ancaq görünən odur ki, indi daha ayıq başla düşünməyə başlayan bəzi erməni ziyalılarından fərqli olaraq, Serj Sarkisyan iqtidarı hələ də reallıqla barışmaq niyyətində deyil. Əksinə, mövcud Ermənistan hakimiyyəti destruktiv mövqe nümayiş etdirərək ölkəni daha böyük problemlər burulğanına sürükləyir, işğalçılıq niyyətini açıq bəyan etməklə region ölkələri ilə münasibətlərini daha da pisləşdirir. Hətta iş o yerə çatıb ki, Serj Sarkisyan Türkiyəyə qarşı da ərazi iddialarında olduqlarını açıq şəkildə meydana qoyur. Xatırlatmaq yerinə düşərdi ki, bu yaxınlarda Ermənistan prezidenti gənclərlə görüşündə Türkiyənin Ağrıdağı ərazisinə iddialı olduqlarını açıq şəkildə bildirmişdi. Ancaq həm Azərbaycan ərazilərinin işğalına, həm də Türkiyə torpaqlarına olan iddiaya görə yenidən sərt tənqidlərlə üzləşən Serj Sarkisyan hələ də lazımi nəticələr çıxara bilmir, əksinə, qeyri-konstruktiv mövqelərindən geri çəkilmək niyyətlərində olmadığını yenidən nümayiş etdirir.

Sentyabrın 3-də Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyi ilə əlaqədar Dövlət Başçıları Şurasının Sammitində də prezident Serj Sarkisyan bu istiqamətdə növbəti cəhdini etdi. O, Dağlıq Qarabağın 20 il bundan əvvəl “müstəqilliyini” elan etdiyini bildirərək deyib ki, Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə edib və “özünün müstəqil yaşamaq hüququnu qanı bahasına əldə edib”.

Buna cavab olaraq söz alan Azərbaycanın baş naziri Artur Rasizadə Ermənistan prezidentinə kifayət qədər sərt və tutarlı cavab verib: “Bu gün yubiley iclasında heç kimin kefini pozmaq istəməzdim, amma Ermənistan prezidentinin Dağlıq Qarabağda vəziyyətlə bağlı çıxışı məni buna məcbur etdi. Düşünürəm ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ problemi ilə az-çox tanışdırlar və ümidvaram ki, bu çıxış ya bu problemin mahiyyətindən xəbərdar olmayanlara yönəlmişdir, ya da daxili siyasətdə istifadə üçün nəzərdə tutulub. Çıxışa diqqətlə qulaq asanda düşündüm ki, bəlkə elə dövlət başçılarının toplantısında Dağlıq Qarabağın müstəqilliyinə səs verək? Onda ATƏT-in Minsk qrupu, digər təşəbbüslər nəyə lazımdır?!”. Sarkisyanı danılmaz fakt və sübutlarla yerində oturdan Azərbaycanın hökumət başçısı daha sonra bildirib: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, MDB-nin üzvü olan bir dövlət digər dövlətə təcavüz edərək onun ərazilərinin 20 faizini işğal edib. Nəticədə isə 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir daha xatırladım ki, BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Ancaq bu sənədlər hələ də yerinə yetirilmir. Bu gün Ermənistan münaqişənin həlli ilə əlaqədar qeyri-konstruktiv mövqeyini bir daha ortaya qoydu”.

Faciə barədə çox danışa biləcəyini vurğulayan Azərbaycanın Baş naziri artıq qeyd etdiyi səbəblərdən bunu etməyəcəyini bildirib: “Hesab edirəm ki, Ermənistan bir daha bu ağır və həlli uzadılmış münaqişənin nizamlanması məsələsində qeyri-konstruktiv mövqe nümayiş etdirmiş oldu". Artur Rasizadə onu da qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həllinə ümid edir, bundan sonra da ATƏT-in Minsk qrupunun apardığı prosesdə fəal iştirak edəcək və digər təşəbbüsləri dəstəkləyəcək. Bütün bunlar MDB Dövlət Başçıları Şurasının yubiley Sammiti kimi yüksək səviyyəli bir tədbirdə Ermənistanın işğalçı siyasətinin ifşa olunması və Dağlıq Qarabağ münaqişəsinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyə qədər öz həllini tapmadığını aydın surətdə meydana qoyur. Sammitdə yaşananlarla dünya birliyi də növbəti dəfə əmin oldu ki, Ermənistan işğalçı siyasətindən hələ də əl çəkmək niyyətində deyil. Elə bu səbəbdən Ermənistanın beynəlxalq hüquq normalarına və digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşması üçün bu ölkəyə dünya birliyi səviyyəsində təzyiqlər edilməsinin vacibliyi yenidən əsas şərtlərdən biri kimi meydana çıxır. Bu, həm də regional sülhə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə böyük töhfə olardı. Əks təqdirdə, müzəffər Azərbaycan ordusu istənilən an işğal olunmuş ərazilərinə doğru zəfər yürüşünə başlamalı olacaq. Ermənistanın Azərbaycan ordusu qarşısında aciz duruma düşəcəyi bu ölkədə də açıq etiraf edilir. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da bildirir ki, hazırda hərbi balans Azərbaycanın xeyrinədir və bu müstəvidə iki ölkə arasında fərq getdikcə daha da böyüyür. Onun sözlərinə görə, Ermənistanda ictimaiyyəti bədbinliyə düçar edən iki amil var: birincisi - əhali bu problemlərin diplomatik yolla həllinə inamını itirir, ikincisi isə hərbi balans Azərbaycanın xeyrinə dəyişib. “Bu səbəbdən Türkiyə ilə təcili protokollar imzalayan və bununla da Dağlıq Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirən Serj Sarkisyan təcili surətdə Azərbaycanla danışıqlar prosesində “Madrid prinsipləri”nə uyğun olaraq konstruktiv mövqe nümayiş etdirməlidir” - deyə o bildirib.

İndi seçim Ermənistan hakimiyyətindədir: ya sülh, ya da hərb yolu ilə işğal edilmiş Azərbaycan ərazilərini tərk etmək. İkinci seçimin Ermənistan üçün böyük fəlakət olacağı isə təkcə işğalçı ölkədə yox, dünyada da qəbul edilən qaçılmaz reallıqdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar