Azərbaycanın Avropa Şurasına qəbulundan 10 il keçir
25 Yanvar 2011 Çərşənbə Axşamı 00:55
Strasburqda bu əlamətdar hadisə ilə bağlı bir sıra tədbirlər keçiriləcək.
Bu gün ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsinin 10 ili tamam olur. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycanın AŞ yanında daimi nümayəndəliyi tərəfindən bir sıra tədbirlər keçiriləcək.

Bu gün Strasburqun mərkəzi konsert salonunda Azərbaycandan gəlmiş caz qrupunun konserti olacaq. Bu tədbirdə AŞ rəhbərliyinin, qurum yanında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin, Strasburq ictimaiyyətinin, burada yaşayan və təhsil alan azərbaycanlıların iştirakı gözlənilir. Bu, bir növ Azərbaycan gecəsi olacaqdır. Caz musiqisinin seçimi isə onunla bağlıdır ki, Azərbaycanda son illər bu musiqi janrı çox böyük uğurlar qazanır və yeni bir janr -milli etno-caz yaradılıb. Bu janr Azərbaycana Amerikadan gəlsə də, o bu musiqiyə öz milli çalarlarını əlavə edə bilmişdir və dünyada bu janrda öz sözünü deməyə başlayıb. Cazmenlərimiz bu konsertdə Azərbaycan cazının gözəlliyini göstərə biləcəklər. Tədbirdə, həmçinin daimi nümayəndəlik tərəfindən hazırlanmış və Strasburqda nəşr edilmiş “Azərbaycan gündəliyi” adlı təbliğat xarakterli təqvimli qeyd kitabçasının təqdimatı keçiriləcək.

Yanvarın 26-da isə AŞ-da böyük ziyafət təşkil olunacaq ki, bu tədbirə də çoxsaylı qonaqların, o cümlədən AŞ-nin baş katibi T.Yaqlandın, AŞPA-nın sədri M.Çavuşoğlunun, bir çox ölkələrin AŞ yanında daimi nümayəndələrinin və AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərlərinin qatılması nəzərdə tutulur.

Nümayəndəlik tərəfindən il boyu bu silsilədən bir sıra digər tədbirlərin keçirilməsi də planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar