Azərbaycanın Almaniyadakı səfiri alman qəzetinə etiraz məktubu yollayıb
26 İyul 2011 Çərşənbə Axşamı 05:32
Səfir Mixael Lüdviqin “Dağlıq Qarabağ – təhlükəli müdafiə xətləri” adlı məqalənin həqiqəti əks etdirmədiyini bildirib.
Almaniyanın “Frankturter Allgemeine Zeitung” qəzetində və onun internet səhifəsində Moskva bürosunun müxbiri Mixael Lüdviqin “Dağlıq Qarabağ – təhlükəli müdafiə xətləri” adlı reallıqlardan uzaq və həqiqəti əks etdirməyən məqaləsi dərc olunub. Bununla bağlı Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qəzetin redaksiyasına etiraz məktubu göndərib.

Məktubda deyilir ki, dərc olunan məqalə birtərəfli, qərəzlidir və burada beynəlxalq hüquqa söykənməyən müddəalara, təhriflərə və əsaslı səhvlərə yol verilib. Səfir məqalədə yalnız erməni tərəfin fikirlərinin verildiyini bildirir, belə bir dərin münaqişə haqqında yazarkən digər tərəfin də mövqeyinin əks etdirilməsinin vacibliyini vurğulayır. P.Şahbazov məktubunda bildirir ki, məqalədə Ermənistanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, Azərbaycanın daha yeddi rayonunu işğal etməsi barədə məlumat yoxdur. Ermənilər Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlı doğma yurdundan qovulub. Beynəlxalq birlik həmin vaxtdan etibarən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını və insanların öz yurd-yuvalarına geri qayıtmasını qeyd-şərtsiz tələb edir.

Dağlıq Qarabağın tarixinə toxunan səfir diqqətə çatdırır ki, bu ərazi təkcə sovetlər dövründə deyil, həmişə Azərbaycanın tərkibində olub. Hətta Qarabağ xanlığının Rusiya çarlığına birləşdirilməsi haqqında müqavilə də azərbaycanlı İbrahim Xəlil xanla Rusiya nümayəndəsi arasında imzalanıb.

Səfir P.Şahbazov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən sülh danışıqlarına da toxunur və bildirir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından məsələnin həlli mümkün olmur.

Sonda səfir qəzetin redaksiyasına gələrək, Dağlıq Qarabağdakı vəziyyət haqqında söhbət aparmağa hər zaman hazır olduğunu bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar