Azərbaycanın Aktaudakı Baş konsulluğu gücləndirilmiş iş rejiminə keçib
17 Dekabr 2011 Şənbə 15:58
Diplomatik nümayəndəliyin inzibati binasının mühafizəsini gücləndirib.
Dekabrın 16-da Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində baş vermiş hadisələrlə bağlı Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən bir sıra təxirəsalınmaz və qabaqlayıcı tədbirlər həyata keçirilib. Baş konsuluğun mətbuat xitmətindən Trend-ə verilən məlumata görə, Manqistau vilayətində çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, Baş konsulluq vilayətin dövlət və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və hadisələrdə azərbaycanlıların iştirakı və ya zərər çəkməsi ilə maraqlanıb.
Janaozen şəhəri ilə bütün rabitə əlaqələrinin kəsildiyini nəzərə alaraq, həmin şəhərdə yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanmaq və ehtiyac olduğu təqdirdə onların həmin şəhərdən çıxarılması məqsədilə bir neçə nəfər Janaozenə göndərilib.
Hadisələrin daha da genişlənə biləcəyi və vilayət mərkəzi olan Aktau şəhərində təkrarlana bilmə ehtimallarını nəzərə alaraq, Manqistau vilayətində yaşayan çoxsaylı Azərbaycan diasporunun fəallarını, vilayətdə çalışan azərbaycanlı iş adamları Baş konsulluğa dəvət olunublar. Görüşdə Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov çıxış edərək, hadisələrin genişlənə biləcəyi təqdirdə, azərbaycanlıların atacağı atdımlar haqqında müvafiq təlimatlar verib.
Hadisələrlə bağlı Baş konsulluq gücləndirilmiş iş rejiminə keçib, həmçinin, diplomatik nümayəndəliyin inzibati binasının mühafizəsini gücləndirib.
Qazaxıstanın Manqistau vilayətində hazırda 15 minə yaxın azərbaycanlı yaşayır. Onlardan 1700 nəfəri daimi qeydiyyatda, 2000 nəfərə yaxını isə müvəqqəti qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarıdır. 8000-ə yaxın azərbaycanlı Qazaxıstan vətəndaşı, digərləri isə Gürcüstan vətəndaşları olan azərbaycanlılardır. Hadisələrin baş verdiyi Janaozen şəhərində 25 nəfəri Azərbaycan vətəndaşı olmaqla, 50 nəfərə yaxın azərbaycanlı yaşayır. Hadisələrdə hər hansı bir azərbaycanlının xəsarət alması haqqında məlumat yoxdur.
DOSTLARINLA PAYLAŞ: