Azərbaycandan Uruqvaya ilk rəsmi səfər olub
28 İyul 2012 Şənbə 20:45
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Uruqvay Şərq Respublikasına rəsmi səfər edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, naziri Uruqvay prezidenti Xose Muxica Kordano qəbul edib.

Uruqvay prezidenti Azərbaycandan ölkəsinə həyata keçirilən ilk rəsmi səfərdən məmnunluğunu ifadə edib, bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirib.

E. Məmmədyarov Azərbaycan prezidentinin Azərbaycana rəsmi səfərə dəvət məktubunu Xose Muxica Kordanoya təqdim edib.

Nazir Uruqvay prezidentinə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə məlumat verib.

Görüşdə Azərbaycanla Uruqvay arasında əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb, enerji, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları sahəsində qarşılıqlı ticarət və sərmayə imkanları barədə danışılıb.

Nazir uruqvaylı həmkarı Luis Almaqro Lemas ilə də görüşüb.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair Saziş” və “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Uruqvay Şərq Respublikasının Artiqas Xarici Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Görüşün ardınca Nazirlər paytaxt Montevideonun Santos Sarayında təşkil olunmuş Uruqvay-Azərbaycan Biznes Forumunda iştirak ediblər.


Xarici işlər naziri Uruqvayın vitse-prezidenti, Baş Assambleya və Senatın sədri Danilo Astori , Nümayəndələr Palatasının sədri Jorge Orrico ilə də görüşüb. Görüşdə Uruqvay parlamentində Azərbaycanla yenicə yaradılmış dostluq qrupunun üzvləri də iştirak ediblər.

Görüşdə Uruqvay Şərq Respublikasının parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun yaradılması ilə bağlı akt imzalanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar