Azərbaycandan qadınlar daha çox Türkiyəyə aparılır
11 Yanvar 2012 Çərşənbə 18:56
Mehriban Zeynalova: "İnsan alveri qurbanlarının sayı əvvəlki illərlə müqayisədə azalıb".
Bakı şəhər sakini Nailə Məmmədova insan alveri ilə məşğul olduğuna görə tutulub. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, nazirlyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Nailə Məmmədova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə cinsi istisimar məqsədilə apardığı məlum olub.

Hazırda işlə bağlı araşdırmalar aparılır. Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2010-cu ildə insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib ki, onların da əksəriyyəti qadınlardır. İnsan alveri qurbanlarının sayı 2010-cu ildə 34 nəfər olub.

“Təmiz dünya” Qadınlar Cəmiyyətinin sədri Mehriban Zeynalova deyir ki, insan alveri qurbanlarının sayı əvvəlki illərlə müqayisədə azalıb. Onun sözlərinə görə, keçən il 29 nəfər, ondan əvvəlki il 35 nəfər, 2008-cu ildə isə bu rəqəmlərdən bir az artıq insan alverinin qurbanlarına çevrilib: “Bu say get-gedə azalmaq üzrədir. İnsan alveri üzrə təyinat ölkələri üzrə 2006-2009-cu illərdə dəyişikliklər baş verib. Misal üçün, 2006-cı ildə Hindistan təyinat ölkəsi sayılırdı. Halbuki Hindistan özü geridə qalmış ölkə sayılır. Pakistan İslam Respublikası da təyinat ölkəsi sayılırdı. Bu məntəqə artıq ləğv olundu və ora daşınmaların qarşısı alınıb”.

Yerli və beynəlxalq hesabatlara görə, Azərbaycandan qadınlar daha çox Türkiyəyə aparılır. Sonrakı yerlərdə isə Birləşmiş Ərəb Əmirlyi, Rusiya və İran gəlir. ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair hesabatanda da göstərilir ki, Azərbaycan artıq ixrac ölkəsindən təyinat ölkəsinə çevrilib. Hesabata görə, Azərbaycan Özbəkistan və Qazaxıstandan olan qadınların fahişəliklə məşğul olmaq üçün göndərildiyi ölkələrdən biridir.

Həmçinin Orta Asiya respublikalarından olan qadınlar Azərbaycandan tranzit kimi istifadə edərək digər ölkələrə göndərilir. Buna baxmayaraq, sənəddə Azərbaycan “İnsan alveri qurbanlarının müdafiəsi aktı”nın müddəalarının yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atan ölkələr sırasına daxil edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar