Azərbaycandan İrana növbəti nota
28 İyun 2012 Cümə Axşamı 20:19
Elman Abdullayev: Vətəndaşlarımıza qarşı cinayət işinin açılmasına imkan verməyəcəyik.
Azərbaycanın Xarici İşlər Nazirliyi İranda həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin ittiham olunduğu cinayətlərlə bağlı rəsmi Bakının məlumatlandırıldığı barədə İran mətbuatında gedən məlumatları təkzib edib. ANS PRESS-in məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, nə Azərbaycanın İrandakı səfirliyinə, nə də ölkəmizin Təbrizdəki Baş Konsulluğuna bununla bağlı məlumat daxil olmayıb.
E. Abdullayev qeyd edib ki, bu cür yalan informasiyalar iki ölkə arasında münasibətlərə neqativ təsir göstərir: “İran tərəfinin azərbaycanlı şairlərin taleyi ilə bağlı sorğuya cavab verməməsi ilə əlaqədar Azərbaycan tərəfi bu gün İrana növbəti nota təqdim edib. Bu sayca artıq beşinci notadır”.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan saxlanılan vətəndaşları ilə görüşmək üçün səylərini davam etdirir: “Bu kimi məsələlər Vyana Konvensiyası ilə tənzimlənir. Bu məsələ bizim üçün prioritetdir və biz əvvəlki tək saxlanan vətəndaşlarımızla görüşmək üçün cəhdlərimizi davam etdiririk”.
E.Abdullayev bildirib ki, İran kütləvi informasiya vasitələrinin Fərid Hüseyn və Şəhriyar Hacızadənin guya narkotik maddə qaçaqmalçılığı və İsrail lehinə casusluqda ittiham edilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu cür xəbərlər insanları çaşdırmağa, neqativ atmosfer formalaşdırmağa yönəlib.
O deyib ki, Azərbaycan XİN-ə Azərbaycan vətəndaşlarının guya İranda cinayət törətmələri haqqında rəsmi məlumat daxil olmayıb: “Xarici İşlər Nazirliyi bu məsələni diqqət mərkəzində saxlayır və vətəndaşlarımıza qarşı cinayət işinin açılmasına imkan verməyəcək”.
DOSTLARINLA PAYLAŞ: