Azərbaycandan İrana kütləvi axın başlayıb
16 Fevral 2010 Çərşənbə Axşamı 16:35
Azərbaycandan İrana kütləvi axın başlayıb. Buna səbəb viza rejiminin ləğvidir.
İran tərəfi birtərəfli qaydada viza rejimini ləğv edəndən sonra Astara sərhəd keçid məntəqəsində bu günədək görünməmiş sıxlıq yaranıb. Fevralın ilk həftəsində gərginlik əhalinin sağlamlıq kartı ala bilməməsi ilə bağlı idisə, artıq İran tərəfi rəsmi olaraq Azərbaycan vətəndaşlarından sağlamlıq kartını tələb etmir. Bununla bağlı İranın Azərbaycandakı səfirliyinin məsul əməkdaşları sərhəd nəzarəti məntəqəsində olub və bu barədə İran sərhədçilərinə rəsmi göstəriş verilib. Amma bundan sonra da keçid məntəqəsindəki sıxlıq azalmayıb, əksinə daha da artıb. Yəni İrana getmək istəyənlərin sayı həddən artıq çoxalıb. Məsələn, viza rejiminin ləğvindən əvvəl Astara istiqamətindən gün ərzində təxminən 100-dək sərnişin keçirdisə, indi say dəfələrlə artaraq təxminən 2 min nəfərə çatıb. Keçid məntəqəsinin buraxılış qabiliyyətində isə heç bir dəyişiklik edilməyib. Yaranmış növbələrin əsas səbəbi də bununla izah olunur.

Aparılan sorğu göstərir ki, Astara sərhədindən keçənlərin tam əksəriyyətini ətraf bölgələrin, Lənkəran, Astara rayonlarının sakinləri təşkil edir. Başqa sözlə, bu rayonlardan İrana kütləvi axın başlanıb. Gedənlərin çoxunun məqsədi ticarət olduğundan onlar sərhədə yaxın İran şəhərlərində alış-veriş edir və cəmi 2-3 gün ərzində geri qayıdır. Amma tacirlərin demək olar ki, hamısı yüklərin keçirilməsinə qoyulan məhdudiyyətlərdən narazıdır.

Qeyd edək ki, məntəqədə haqlı narazılıqlarla bərabər, süni surətdə gərginlik yaratmaq istəyənlər də var. Müşahidələr bunu deməyə əsas verir. Elələri var ki, işsizliyi bəhanə gətirib, necə deyərlər İranı su yoluna döndərib. Lüzumlu-lüzumsuz sərhədi keçmək istəyir və bəzən də haqsız narazılıq edir.

Astaranın isə elə kəndləri də var ki, elliklə burada növbə çəkir. Məsələn, Ərçivan kəndinin 100-lərlə sakini üçün çörək qazanmaq hər gün İrana gedib-gəlmək hesab edilir. Hər halda onların özü belə deyir. Bu işə yaşlı, əli uşaqlı qadınlar, cavan qızlar da cəlb edilib.

Son 2 həftə ərzində Astara sərhəd nəzarət məntəqəsindəki bu mənzərəni görən çoxları isə əvvəlki vizalı rejiminin həsrətini çəkir. Yaranmış gərginlikdən və hədsiz sıxlıqdan bezənlər də var.

Sərhəd məntəqəsindəki növbələrdən yerlilərlə yanaşı İran vətəndaşları da əziyyət çəkir. İrana dönmək istəyənlər də, günlərlə bu növbəsiz növbədə gözləməli olur.

Yaranmış vəziyyətə Astara gömrük-keçid məntəqəsinin rəsmiləri də aydınlıq gətirib. Astara sərhəd nəzarət məntəqəsinin rəisi Vüsal Musayev şifahi olaraq bildirib ki, növbələrin yaranması əsasən sərhədi keçmək istəyənlərin sayının dəfələrlə artması ilə bağlıdır. “Əgər viza tələb olunan vaxtı İrana həftədə cəmi 650 nəfər buraxılırdısa, təkcə bu gün səhər saat 9-dan 12.30-dək piyada, avtobus və maşınla 700 nəfərdən artıq adam buraxılıb ki, günün sonunadək bu rəqəm 2 qat artacaq. Hamı da eyni vaxtda keçmək istəyir və bu axına Astara sərhəd buraxılış məntəqəsinin texniki gücü çatmır”, - deyə o bildirib.

Yaranan vəziyyətin onları da ciddi narahat etdiyini deyən keçid məntəqəsinin rəisi bir qrup maraqlı adamın gecə- gendüz burada növbədə dayanaraq əhali arasında pozuculuq salmaq istədiyini də dilə gətirib. Onun sözlərinə görə, İranın “Səhər” telekanalı da həmin adamların təhrikilə qərəzli xəbərlər yayır. Çünki nə qədər yükün keçirilməsinin onlara aidiyyatı yoxdur və bu işə İran tərəfi nəzarət edir. Yəni Azərbaycan tərəfi yükü buraxsa da, İran tərəfi bəzən 3, bəzənsə 5-8 kiloqram yük keçirməyə icazə verir.

İran sərhədinin Biləsuvar keçidində isə sıxlıq yaransa da, növbələr demək olar ki, yoxdur. Bu istiqamətdə də viza rejiminin ləğvindən sonra İran tərəfinə keçmək istəyənlərin sayı gün ərzində 30-40 nəfərdən 300-400 nəfərədək artıb. Biləsuvar keçidində də say artımı əsasən yaxınlıqda Biləsuvar və Cəlalibad sakinləri hesabınadır. Bir qisim adi səyahətə getsə də, əksəriyyət alış-veriş üçün qonşu ölkəyə üz tutur. Sakinlər hər iki tərəfdən yüklərə qoyulan məhdudiyyətlərdən narazıdır.

Biləsuvar keçid məntəqəsindən bildirilib ki, İrandan gələn vətəndaşlara mövcud qanunvericiliyə uyğun olaraq 1000 dollar məbləğində və 50 kiloqram həcmində yük gətirməyə icazə verilir. Bundan artıq yüklərə isə əlavə rüsum ödənilməlidir. Qeyd edək ki, Biləsuvar istiqamətində növbələr az olduğundan, gömrük-keçid məntəqəsinin rəsmiləri İrana keçmək istəyənlərdən Biləsuvar sərhədindən də yararlanmağı tövsiyə edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar