Azərbaycanda yeni tip evlər tikiləcək
03 İyun 2013 Bazar Ertəsi 00:14
Passiv evlər enerjiyə 30 faiz qənaət etməyə imkan verəcək
Hazırda bütün dünyada enerjiyə qənaət mühüm məsələlərdəndir. Kifayət qədər neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, ölkəmizdə də enerjiyə olan tələbatı azaltmaq məqsədilə bir sıra yeniliklərin tətbiqi gözlənilir. Belə ki, yeni standartların tətbiqi passiv evlərin tikintisini nəzərdə tutur ki, bununla də enerjiyə ən azı 30 faiz qənaət etmək mümkün olacaq.

Hazırda Prezident Administrasiyasında baxılan alternativ enerji və enerji effektivliyi ilə bağlı strategiyaya əsasən, ölkədə yeni tikilən binalarda enerji effektivliyi üzrə yeni normativlər tətbiq ediləcək. Bəs passiv evlər nədir? Passiv ev - öz ehtiyacları üçün mümkün qədər az enerji tələb edən, ən yaxşı halda isə özü-özünü enerji ilə təmin edə bilən tikilidir. Yeni standartlar tətbiq edilərsə, enerji itkilərini azaltmaq, ölkədə enerjiyə qənaət, eləcə də, əhalinin enerji xərclərinin təqribən 30% azaltmaq mümkün olacaq. Əhali də bu cür evlərin tikilməsini vacib sayır.

Ölkədə 1 kv. metr yaşayış sahəsinin qızdırılmasına ildə 250 kvt/saat enerji sərf olunur.

Aparılan araşdırmalar göstərir ki, Bakı ətrafında, paytaxtın özündə və digər regionlarda elektrik enerjisinin böyük hissəsi evlərin qızdırılmasına sərf edilir. Rəqəmlər göstərir ki, köhnə və yeni tikilmiş müasir binaların 1 kv. metr yaşayış sahəsinin qızdırılmasına ildə 250 kvt/saat enerji sərf olunur. Mütəxəssislər isə bildirirlər ki, binaların əksəriyyəti sovet dövründə tikildiyindən enerji effektivliyi məsələsi tikinti normalarında öz əksini tapmayıb. Nəticə etibarı ilə hazırda Azərbaycanda enerji effektivliyi ilə bağlı köhnəlmiş normalar Avropa normalarından 50-200% aşağıdır.

Passiv evlərin 1 kv. metrinə sərf olunan enerji 15 kvt/saatdan az olur.

Qeyd edək ki, Avropa standartlarına görə, o evlər passiv evlər sayılır ki, il ərzində onun hər 1 kv. metrinə sərf olunan enerji 15 kvt/saatdan çox olmasın. İndiyədək belə evlər ekologiya və ətraf mühitin qorunması üçün tikilirdisə, indi enerjiyə qənaətin ciddi iqtisadi səbəbləri də var və qənaətli tikinti daha planlı xarakter alıb. Belə ki, Avropa İttifaqının qarşıya qoyduğu hədəflərinə görə, 2020-ci ildən sonra Avropada tikilən bütün binalar sıfır enerji tələbatlı olmalıdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar