Azərbaycanda yeni standart təsdiq edilib
23 İyun 2012 Şənbə 13:51
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib
İyulun 2-dən etibarən Azərbaycanda dizel və benzin mühərrikli nəqliyyat vasitələrinin işlənmiş qazlarının tərkibindəki zərərli maddələri, habelə ölkədə istifadə edilən yanacağın keyfiyyətini tənzimləyən Avro-3 standartı tətbiq edilməyə başlayacaq. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veriblər.
Məlumata əsasən, "Yol nəqliyyatı. Ekoloji siniflər" standartı artıq komitə tərəfindən təsdiq edilib və ölkədə Avro-3 standartının tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
“Yol nəqliyyatı. Ekoloji siniflər" standartı Avro-3, Avro-4 və Avro-5” ekoloji standartlarından ibarətdir.
“İyulun 2-dən etibarən Avro-3 standartının tətbiqinə başlanacaq”, - komitədən qeyd ediblər.
Məlumata əsasən, ölkədə istehsal edilən yanacaq Avro-3 standartlarına cavab verir.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən yeni standartların tətbiqi ilə bağlı təlimatlar hələ alınmayıb.
DOSTLARINLA PAYLAŞ: