Azərbaycanda yemək qaydaları müəyyənləşəcək
09 Dekabr 2012 Bazar 12:52
Milli yeməklərin yeyilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfdən müəyyən edilməlidir
Azərbaycanda milli yeməklərin yeyilməsi qaydaları müəyyənləşəcək. Milli Məclisdən Trend-ə bildiriblər ki, "Mədəniyyət haqqında" hazırlanan yeni qanun layihəsində qeyd olunur ki, milli yeməklərin yeyilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfdən müəyyən edilməlidir.
Milli Kulinariya Mərkəzinin rəhbəri, respublikanın baş kulinarı Tahir Əmiraslanov bu məsələ ilə bağlı Trend-ə bildirib ki, hər bir milli yeməyin yeyilməsi üçün spesifik ədviyyatlar, qarnirlər olmalıdır ki, bu da həmin yeməyin həzminə kömək göstərir.
"Yemək bişirilərkən üç məsələ nəzərə alınmalıdır - insan bədəni üçün sağlamlığın təmin olunması, yeməyin ətirli, dadlı olması və onun formasının göz oxşaması", - o deyib.
Əmiraslanov bildirib ki, Azərbaycanda bir kələm dolmasının 10 növü var ki, bunların yeyilməsi qaydaları müxtəlifdir - şərbətlə, qatıqla və sair.
"Mədəniyyət haqqında" qanun layihəsinin "Milli kulinariya nümunələri" maddəsi, həmçinin Azərbaycanda kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması və təbliğinin də həyata keçirilməsini əks etdirir.
Qanunvericilik, həmçinin kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsini nəzərdə tutur.
Əmiraslanov qeyd edib ki, milli kulinariya nümunələrinin siyahısı təsdiqlənəndən sonra bütün yemək nümunələri pasportlaşdırılacaq.
DOSTLARINLA PAYLAŞ: