Azərbaycanda sürücülük vəsiqəsinin alınması qaydalarına əlavələr edilib
28 Yanvar 2012 Şənbə 12:56
Əlavələr "Yol hərəkəti haqqında" qanuna edilmiş son dəyişikliklərlə bağlı olub.
Azərbaycan Nazirlər Kabineti «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə»yə əlavələr edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Əlavələr «Yol hərəkəti haqqında» qanuna edilmiş son dəyişikliklərlə bağlı olub. Əsasnamənin 2.11-ci bəndinin ikinci abzasında «idarə edilməsinə» sözlərindən sonra «B və ya BE» sözləri və üçüncü abzasında «C» sözündən sonra «D və ya BE» sözləri əlavə edilib.

Bununla da «D» kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə «B» və ya «BE», «C» və ya «BC», yaxud «CE» kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan (2.6 bəndinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müəyyən olunmuş proqram əsasında yenidən hazırlıq kurslarını keçərək, nəzəri və təcrübi imtahanlar vermiş sürücülər buraxılırlar. «B» kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər isə tədris müəssisəsində müəyyən edilmiş proqramla yenidən hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra «CD» və ya «BE» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar