Azərbaycanda Sevgililər günü qeyd olunur?
14 Fevral 2012 Çərşənbə Axşamı 16:00
Bayramı qeyd etmək neçəyə başa gəlir.
Bu gün dünyanın bir çox ölkələrində Müqəddəs Valentin günü, yəni “Sevgililər günü” qeyd edilir. Azərbaycanda bu bayram rəsmən qeyd edilməsə də, paytaxt sakinlərinin rəyini öyrənməyə çalışdıq. Axı 30 iyun - Azərbaycanda Milli Sevgililər günü elan edilib və bəziləri məhz həmin günü qeyd edir. Həmin gün 20 Yanvar hadisələrində şəhid olan İlham və bu xəbəri eşidərək intihar edən həyat yoldaşı Fərizənin evləndikləri gündür.

Bu gün Azərbaycanda necə qeyd edilir?

Şəhərdəki hədiyyə və gül dükanlarına baş çəkdik və 14 fevralın ölkəmizdə də necə lazımdı qeyd edildiyinin şahidi olduq. Bir gül salonlarından 14 fevralla əlaqədar gül alanların sayında artım müşahidə olunduğunu dedilər. Satıcıların sözlərinə görə, dünyanın hər yerində olduğu kimi bizdə də demək olar ki, eyni hədiyyələr alınır. Cütlüklər bu bayramda gül, şokolad və yumşaq oyuncağa daha çox üstünlük verirlər.

Qiymətlər qalxıb

Bəs, Azərbaycanda bu bayramı qeyd etmək neçəyə başa gəlir? Hamı yaxşı bilir ki, bizdə bayram gəlməmişdən öncə qiymətlər birə-beşə qalxır. Gül salonlarında ürəyiniz istədiyi rəngdə cürbəcür güllər var, qiymətləri də fərqlənir. Belə ki, bu gün gül dükanlarında ən ucuz satılan gül zambaqdır. 1 ədəd zambaq 2 manata başa gəlir. Sevgililər günündə ən aktual hesab edilən qızılgül isə ötən gün 4 manata satılırdısa, bu gün 1 ədəd qızılgül almaq istəyən bir az əlini cibinə dərin salmalı olacaq. Bayramla əlaqədar 1 ədəd qızılgül 4, 8, 10 manata qaldırılıb.

Dükan sahibləri isə satışla bağlı müxtəlif münasibət bildirdilər. Onlardan satışın artdığını etiraf edənlər də oldu, satışın ilbəil zəiflədiyini deyənlər də.

Maraq üçün kiçik sorğu apararaq azərbaycanlıların “Sevgililər günü”nündə sevdiklərinə nə hədiyyə etdiklərini öyrəndik. Cavablar o qədər də fərqli olmadı. Elə küçədən keçənlərin çoxunun, əsasən də gənclərin əlində tək bir qırmızı qızılgül görmək olurdu. Respondentlərdən biri Cabir Aslanov dedi ki, o bu yaxınlarda nişanlanıb və təbii olaraq bu gün öz nişanlısını təbrik etmək niyyətindədir. Elə Cabirin əlində bir ədəd qızılgül var idi. Cabir dedi ki, bu günlə əlaqədar simvolik olaraq sevgilisinə məhz tək qırmızı qızılgül hədiyyə etməyə üstünlük verir.

Digər respondent Pərvin İlyasov da əlində qızıl gül tutmuşdu. Pərvin dedi ki, ötən gün 4 manata olan bu qızılgülü bu gün 10 manata alıb: “Gülün qiyməti dünəndən bu günə qalxıb. Amma bahalaşsa da, bayram olduğu üçün almalı oldum. Həm də ki bir tək qızılgül başqa hədiyyələrdən daha ucuz başa gəlir. Necə deyərlər həm ucuz, həm də gözəl”.

Respondentlər arasında tələbə olanlar da var idi. Bakı Dövlət Universitetinin tələbəsi Elnur Qədirov öz sevgilisinə yumşaq oyuncaq aldığını dedi. Elnurun sözlərinə görə, ötən il sevgilisinə qızılgül hədiyyə edibmiş, bu isə fərqlilik olsun deyə ona kiçik yumşaq oyuncaq pişik hədiyyə edib.

“Düzünü desəm, bu oyuncağı onlayn almışam. Burada bir çox yerlərə baxdım, amma orijinal hədiyyə tapa bilmədim. Onlayn satışda isə qeyri-adi və keyfiyyətli oyuncaq tapa bildim. Həm də bu oyuncaq satışda olandan daha ucuz başa gəldi. Məsələn, Bakıda ona bənzər oyuncaq ayı 10 manata idisə, mən onu internetlə 3 manata almışam”,- deyə Elnur əlavə etdi.

Respondentlər arasında qızlar da var idi. Sevgilisinə ətir hədiyyə aldığını deyən Xatirə Nəcəfova onun qiymətini də söylədi. Xatirə dedi ki, parfümeriya mağazalarında endirim edildiyi göstərilsə də, bunu o dərəcə də hiss etmək olmur: “Məsələn, mənim aldığım hədiyyə kişi ətridir, qiyməti də 60 AZN. Təəssüf ki, bundan aşağı qiymətə tapa bilmədim”.

Respondentlər arasında bu günü axşam restoranda qeyd edəcəklərini deyənlər də oldu. Eləcə də Facebook sosial şəbəkəsində gənclər arasında bir-birinə sevgi musiqiləri, şəkillər və musiqi çarxları hazırlayanları da var. Amma xarici ölkələrdən fərqli olaraq bizdə Sevgililər günü açıqça vermək o qədər də aktual deyil. Alıclar daha çox gözəgələn hədiyyələr etməyə üstünlük verirlər. Sorğu göstərdi ki, 14 fevral Sevgililər günündə ən çox alınan hədiyyə qırmızı qızılgül və yumşaq oyuncaqlardır.

Lakin qeyd edim ki, bayramı keçirənlərlə yanaşı ona qarşı olanlar da var. Respondentlərimdən Ülvi və Fərda 30 iyun milli Sevgililər gününün tərəfdarı olduqlarını dedilər. Onların dostu Elmin İbrahimov isə daha fərqli münasibət sərgilədi. Elmin dedi ki, Valentin günü əslində hədiyyə satanların şişirtməsidir: “Bu bayram daha çox restoranlar, otellər, ətriyyat mağazalarına sərf edir. Bu gün sırf Qərb mədəniyyətinə aiddir”.

Qeyd edək ki, sevgililər gününün klassik emblemi qırmızı qızılgül hesab olunur. Qırmızı qızıgül Yunanıstanın sevgi və gözəllik ilahəsi Afrodita ilə bağlıdır. Belə ki, sevgilisi ilə görüşə tələsən Afrodita ağ qızıgül koluna ilişir və onun qanı güllərin üzərinə yayılır. Elə o vaxtdan qırmızı qızılgül məhəbbət rəmzi hesab olunur.

14 fevral "Sevgililər günü"ndə nə baş verib?

Belə ki, "Sevgilər günü"nün başlanğıc tarixi Roma İmperatorluğunun dövrünə gedir. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli idi. Çünki bu gündə Roma tanrıları və ilahələrin kraliçası Junoya edilən hörmətə əsasən tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. Bu günün ertəsi isə 15 fevral günündə isə "Lupercalia Bayramı" başlayırdı. Bu bayram gənc əhali üçün böyük əhəmiyyət daşıyırdı. Çünki həyatları kəskin qaydalar ilə məhdudlaşdırılmış gənclər bir-birlərini yalnız bu bayram müddətində bəyənib özlərinə sevgili seçə bilirdilər. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyinə gəlincə, romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc romalı oğlanlar isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə olurdular. Bu birlikdəliklər bir-birinə aşiq olan cütlər üçün bayram müddətindən kənara çıxıb evliliklə nəticələnirdi.

İmperator II Claudius isə Romanı öz sərt qaydaları ilə idarə edən zalım hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. O hesab edirdi ki, bu vəziyyətin tək səbəbi romalı kişilərin sevgililəri və ailələrini buraxmaq istəməmələri idi. Elə buna görə də Romadakı bütün nişan və evlilikləri ləğv etdi. Müqqədəs Valentin də Claudiusun hökmdarlığı dövründə Romada yaşayan bir keşiş imiş. Özü kimi keşiş olan Müqəddəs Marius ilə birlikdə Claudiusun qadağanına baxmayaraq gizlicə cütləri evləndirməyə davam edirdi. Ancaq imperator bu vəziyyəti bir müddət sonra öyrənir. Müqəddəs Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olunur və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürülür. O, miladdan sonra 270-ci ilin 14 fevralında xristian qəbristanlığına basdırılır.

Bu dövrdə Romadakı bütpərəstlər, fevral ayı ərzində qeyd olunan "Lupercalia Bayramı"nı öz bütpərəst tanrıları üçün qeyd edirdilər. Xristian Kilsəsinin ilk qurulduğu illərdə xidmət edən keşişlər bu mərasimlərin, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlər ilə birlikdə xatırlanmasından narahat olduqları üçün bir həll tapdılar. Bu gənclərin adlarının müqəddəslərlə birlikdə xatırlanmasını istədikləri üçün "Lupercalia Bayramı"nın başladığı günü Müqəddəs Valentin Günü olaraq qeyd etməyə başladılar. O gündən hər ilin 14 fevralı Sevgililər günü olaraq qeyd olunmağa davam edir.

Hər zaman sevin və sevilin.



DOSTLARINLA PAYLAŞ:

oyunlar