Azərbaycanda sərnişin avtobuslarında yoxlamalara başlanılacaq
12 İyun 2012 Çərşənbə Axşamı 15:01
Yoxlamalar çimərlik mövsümünün başlaması ilə əlaqədar sərnişinlərin istirahət yerlərinə rahat daşınmalarını təmin etmək məqsədilə aparılacaq.
Azərbaycan Nəqliyyat Nazirliyi çimərlik mövsümünün başlaması ilə əlaqədar sərnişinlərin istirahət yerlərinə rahat daşınmalarını təmin etmək məqsədilə sərnişin avtobuslarında mövsümi yoxlamalara başlayacaq. Trend-in verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı jurnalistlərə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.
"Nazirlik artıq müvafiq idarələrə və marşrut avtobuslarını işlədən sahibkarlara sərnişinlərin sahilyanı zonalara vaxtında çatdırılmasını təmin etmək, nəfəsliklərin saz olması, avtobusların texniki qüsursuzluğu və sürücülərin fiziki vəziyyətinin sağlam olması barədə göstəriş verib", - Həsənov deyib.
Onun sözlərinə görə, habelə bir sıra marşrutlarda avtobusların pəncərələrinə pərdə salınması məsələsi həll edilir."Bütün bunların hamısı havanın hərarətinin yüksək olduğu yay dövründə sərnişinlərin rahat daşınmasının təmin olunması üçün edilir" - deyə o qeyd edib.
Nazirlik nümayəndəsinin qeyd etdiyi kimi, çimərlik mövsümü başlanandan nazirliyin müfəttişləri avtobus marşrutlarında sürücülərin və avtobus sahiblərinin qoyulan tələblərə əməl etmələri üzərində nəzarəti təmin etmək üçün yoxlamalara başlayacaqlar.
Pozuntular aşkar olunduqda sürücünün avtobus marşrutunda işindən kənarlaşdırılmasınadək cəza tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: