Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) maddi-texniki bazasının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdədir. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, son iki ayda AzTEST bir neçə sahədə tətbiq olunan ölçmə cihazlarının kalibrlənməsi və müqayisəli dövlət yoxlanışının keçirilməsi məqsədilə yeni işçi etalonlar, sınaq avadanlığı alıb.
Bunlar aşağıdakılardır:
Tikinti-quraşdırma işlərində istifadə olunan nivelir, teodolit və taxiometrlərin göstəricilərinin dəqiqliyini təyin etmək üçün istifadə olunan stasionar qurğu.
Avtomobillərin sürətini təyin edən sürət ölçmə cihazlarının (radarların) müqayisəli dövlət yoxlanışının keçirilməsi üçün ABŞ istehsalı olan PRO-TECT işti etalonu.
1 və 3 fazalı elektrik sayğaclarının müqayisəli dövlət yoxlanışı məqsədilə işçi etalonlar.
Metal və metal xəlitələrin, həmçinin metal tərkibli uşaq oyuncaqlarının tərkibində kimyəvi elementlərin faiz miqdarını təyin etmək üçün ABŞ istehsalı olan rentgen-flüorisent spektrometr.
Ümumilikdə AzTEST-in nəzdində yeyinti, qeyri-ərzaq məhsullarının bütün göstəricilərinin sınağı üzrə 2 funksional laboratoriya və kalibrləmə laboratoriyaları fəaliyyət göstərir. Kalibrləmə laboratoriyalarına kütlə, mexaniki və həndəsi, elektrik, radio-texniki, qaz-analitik, fiziki-kimyəvi, ultrasəsli və maqnit defektoskopiya, təzyiq və sərf, temperatur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası daxildir.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən bütün sahələrdə istifadə olunan ölçmə vasitələri ildə bir dəfədən az olmayaraq müqayisəli dövlət yoxlanışından keçməli, cihaz göstəricilərinin dəqiqliyini sübut edən sənədlərlə təmin olunduqdan sonra sənaye və məişətdə tətbiq olunmalıdı. Sınaq nəticələrinə əsasən malların keyfiyyət və təhlükəsizlik göstəriciləri müəyyənləşdirilməli, normativ sənədlərin tələblərinə uyğun gəldikdən sonra sertifikatlaşdırılmalıdır.