Azərbaycanda qeyri-qanuni yaşayanlar cəzalandırılacaq
11 İyun 2010 Cümə 18:50
Azərbaycanda qeyri-qanuni yaşayanlar cəzalandırılacaq. Onlar 300 manatdan 400 manatadək cərimə oluna bilər.
Azərbaycanda qeyri-qanuni yaşayan və əmək fəaliyyəti ilə məşğul olan miqrantlar ölkə qanunvericiliyinin tələblərinə uyğun surətdə cəzalandırılacaq. Xaçmazda Regional Miqrasiya İdarəsinin açılışında iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov ANS-ə müsahibəsində belə deyib. Müvafiq qərar Xaçmaz rayonunun Üryanoba və Xıraxoba kəndlərində yaşayan və əmək fəaliyyəti göstərən Rusiya vətəndaşlarına da şamil olunacaq. Yəni həmin vətəndaşlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-cu maddəsinə əsasən, ölkədən deportasiya edilə, 300 manatdan 400 manatadək cərimə oluna bilər.
Qeyd edək ki, hazırda Azərbaycanın Xaçmaz rayonu ərazisində yerləşən Üryanoba kəndində 7, Xıraxoba kəndində isə 250 nəfər Rusiya vətəndaşı yaşayır. Bir müddət əvvəl Üryanoba kəndinin 4 sakini Azərbaycan vətəndaşlığını qəbul edib və bu kəndin digər 7 sakini isə miqrant kimi müvəqqəti qeydiyyata düşüb.
Lakin Xıraxobada məskunlaşmış 250 nəfərdən heç biri Dövlət Miqrasiya Xidmətinin qeydiyyatına düşməyib. Yəni Rusiya vətəndaşı kimi miqrasiya kartı almayıb. Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, həmin şəxslərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün proses diqqət mərkəzində saxlanılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: