Azərbaycanda qarlı hava şəraiti davam edəcək
28 Yanvar 2012 Şənbə 14:50
«Hazırda bölgələrdə və paytaxtda soyuq, qarlı hava şəraiti müşahidə olunmaqda davam edir. Bəzi yerlərdə isə yağıntılar intensiv xarakterlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, hazırda qar örtüyünün hündürlüyü Sarıbaşda 63, Rvarudda 50, Lerikdə 28, Zaqatalada 22, Şəkidə 21, Qubada və Altıağacda 20, Qəbələdə 16, Oğuzda 12, İsmayıllıda 12 sm təşkil edir.

G.Məmmədova qeyd edib ki, bu gün də paytaxta və bölgələrdə qar yağacağı gözlənilir. Paytaxtda şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunur. Belə ki, küləyin maksimal sürəti 15-20, arabir 23-25 metr/saniyəyədək güclənir. Havanın temperaturu gündüz 2-4 dərəcə şaxta, gecəyə doğru isə 5 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 29-da isə Bakıda və Abşeron yarımadasında az qar yağacağı, günün ikinci yarısında yağıntılarda qısa müddətdə fasilələr olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz isə 0-2 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında isə yanvarın 29-da qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 0-3 dərəcə, dağlarda gecə 10-15 şaxta, gündüz 3-8 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Yağıntılarda fasilə yanvarın 30-u gündüz saatlarına qədər davam edəcək. Yanvarın 30-u axşamdan yenə də bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar