Azərbaycanda pensiyaların paylanması üçün yeni banklar seçiləcək
30 Dekabr 2011 Cümə 13:26
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu pensiyaların plastik kartlarla paylanması ilə bağlı bankların yeni seçiminə hazırlaşır.


«APA-Economics»in məlumatına görə, DSMF-nin sədri Səlim Müslümov bildirib ki, yaxın vaxtlarda fond pensiya vəsaitlərinin paylanması ilə bağlı ölkədəki banklar arasında yeni tender keçirmək niyyətindədir: «Artıq tenderin keçirilməsi ilə bağlı ilkin şərtlər hazırlanıb, Tender Komissiyası yaradılacaq və tezliklə tender keçiriləcək».

S.Müslümovun sözlərinə görə, 1,2 mln. nəfər pensiyaçıya xidmətlə bağlı tender 12 lot üzrə - hər 100 min pensiyaçıya 1 lot olmaqla keçiriləcək. Tenderin ilkin şərtlərinə görə, banklar hər 1 100 nəfər pensiyaçıya 1 bankomat təmin etməli olacaqlar. Bundan başqa, şərtə görə, plastik kartları banklar özləri hazırlamalıdır. «Pensiyaçılar plastik kartı banklardan alacaqlar, bizim şöbələr kart görməyəcəklər», - deyə DSMF-nin sədri bildirib. Nəhayət, digər şərt ənənəvi olaraq daha aşağı xidmət haqqının təklif edilməsi olacaq.

Tender zamanı banklar qarşısında bir-biri ilə əlaqələrin - banklar arasında interfeysin mövcudluğu tələbi də qoyulacaq. Fond rəhbərinin sözlərinə görə, indi belə əlaqə olmadığına görə, bir bankın müştərisi olan pensiyaçılar başqa bankın bankomatından istifadə edəndə yüksək faizlər ödəməli olur ki, nəticədə pensiyaçılar bundan istifadə etmirlər. Yeni tələblərə görə isə banklar bir-biri ilə razılığa gəlməli və bankdan pul çıxarılmasına görə xidmət haqlarını bölüşdürməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar