Azərbaycanda nikahlar və boşanmalar artıb
20 İyul 2011 Çərşənbə 09:32
Bu ilin birinci yarısında Azərbaycanda nikahlar və boşanmalar artıb. 2011-ci ilin 6 ayı ərzində Azərbaycanda 39 803 nikah bağlanıb.
Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.
Onun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 792 nikah bağlanıb. İlin ilk yarısında ölkədə 5335 nikahın pozulması halı qeydə alınıb. Onlardan 19-u əcnəbilər və vətəndaşlığı olmayanlarla olan nikahlara aiddir.
R. Kərimova bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların və boşanmaların sayında artım qeydə alınıb. Belə ki, 2010-cu ilin ilk 6 ayında ölkədə 32 681 nikah bağlanıb, əcnəbilər və vətəndaşlığı olmayanlarla nikahların sayı isə 773 təşkil edib.
Ötən ilin birinci yarısında ölkədə 4276 nikahın pozulması halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə əcnəbilərlə və vətəndaşlığı olmayanlarla pozulan nikahların sayında isə azalma müşahidə olunub. Belə ki, keçən ilin müvafiq dövründə əcnəbi və vətəndaşlığı olmayanlarla 41 nikahın pozulması halı qeydə alınıb. APA
DOSTLARINLA PAYLAŞ: