Azərbaycanda narkotik istifadəçilərinin sayı 26 minə yaxınlaşıb
22 İyun 2011 Çərşənbə 11:50
Rəsmi statistikaya görə, ölkədə 26 min narkotik istifadəçisi var.
“Təəssüflər olsun ki, Azərbaycanda ötən il narkotik istifadəçilərinin sayı 2500 nəfər artaraq 26 minə yaxınlaşıb. Lakin bu konkret rəqəm deyil, yəqin ki, faktiki say bundan da çoxdur”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
26 iyunun Beynəlxalq Narkotiklərlə Mübarizə Günü kimi qeyd olunduğunu xatırladan Ə. Həsənov deyib ki, narkotik problemi bütün dünyada müharibədən də təhlükə bir problemdir. Komissiya sədri qeyd edib ki, son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb: “Bütün dünya narkotiklərdən istifadəyə qarşı mübarizə aparılmalıdır. Son 2-3 ildə bəzi narkotiklərin istehsalında azalma müşahidə olunub. Bu BMT-nin illik hesabatında qeyd olunub”.
Ə. Həsənov dünyada narkotiklərlə mübarizə modelinin köhnəldiyini də deyib: “Narkotiklərlə bağlı mübarizə üzrə qanunlar sərtləşdirilməlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: