Azərbaycanda narkomanların 16-17 faizi gəncdir
19 Avqust 2010 Cümə Axşamı 19:15
İntiqam Babayev: "Əsas hədəfimiz odur ki, gənc bu həddə gəlib çatmasın".
Azərbaycanda narkomanların 16-17 faizi gəncdir. Bu rəqəmi Gənclər və İdman Nazirliyi açıqlayıb. Nazir müavini İntiqam Babayevin sözlərinə görə, ümumbəşəri bəla olan narkomanlığın inkişafının qarşısını almaq üçün gənclərin asudə vaxtının səmərəli təşkil olunmasıyla bağlı tədbirlər həyata keçirilir.
“Hazırda ölkədə narkomanların 16-17 faizini gənclər təşkil edir. Bu rəsmi statistikadır. Hər bir ölkədə beynəlxalq ekspertlərin dediyinə görə, rəsmi statistika ilə real vəziyyət ola bilsin ki, üst-üstə düşməsin. Bu gün digər rəqəmləri söyləmək üçün bizim əlimizdə heç bir əsas yoxdur. Hesab edirəm ki, ölkədə gəncləri 16-17 faizinin narkoman olması da böyük problemdir. Bizim əsas hədəfimiz odur ki, gənc o həddə gəlib çatmasın. Yəni, narkoman olmasın, cinayətkar olmasın. Ondan sonra onun reabilitasiya olunması daha çətindir, daha çox məsrəf aparan məsələdir. Hesab edirəm ki, biz dövlət gənclər siyasətinə yönəlmiş vəsaiti məhz bu sahəyə yönəltməliyik. Çalışmalıyıq ki, gənclərimiz sağlam olsun, onlar öz asudə vaxtlarını səmərəli keçirtsinlər”, -deyə İntiqam Babayev vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: