Azərbaycanda inşaat şirkətlərinin fırıldağı üzə çıxıb
18 Oktyabr 2011 Çərşənbə Axşamı 21:22
Birlik-inşaat və Kamran B.Ə. şirkətlərinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir. Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Kamran B.Ə." MMC-nin payçılarının müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin cəmiyyətin vəzifəli şəxsləri Ələkbər Babayev, German Hüseynov, Süleyman Əliyev və Rüfət Nağıyev öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə payçıların vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi 3-cü massiv, 34 b saylı ünvanda inşa edilmiş çoxmərtəbəli binada 90 mənzili aldatma yolu ilə 250 şəxsə satmaqla külli miqdarda özgə əmlakını ələ keçiriblər.

"Kamran B.Ə." MMC-nin vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayətlərinin əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa vətəndaş Gülçöhrə Musayevanın müraciəti əsasında aparılmış araşdırma ilə müəyyən edilib ki, "Birlik-İnşaat" MMC-nin təsisçisi və sədri Elman Tağıyev öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin digər vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girib Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 saylı ünvanda 2005-ci ildən inşasına başladıqları 2 bloklu, 14 mərtəbəli yaşayış binasındakı mənzillərin payçılara paylanması zamanı aldatma yolu ilə eyni mənzilə görə bir neçə vətəndaşla müqavilə bağlamaqla onların hər birindən mənzilin tam dəyərini alaraq külli miqdarda özgə əmlakını ələ keçirməklə fiziki şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurublar.

"Birlik-İnşaat" MMC-nin vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aldatma yolu ilə küllü miqdarda özgə əmlakını ələ keçirmə cinayətlərinin əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar