Azərbaycanda hərbi komissarlıqlar ləğv edildi
13 Fevral 2012 Bazar Ertəsi 21:09
Əvəzinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2 ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini prezidentə təqdim etməlidir.

Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar