Azərbaycanda hər il 50-dən artıq yeniyetmə intihar edir
17 Yanvar 2012 Çərşənbə Axşamı 13:40
İntihar edən yeniyetmələrin əksəriyyəti oğlanlardır.
Hər il Azərbaycanda 50-dən çox yeniyetmə intihar edir. APA-nın məlumatına görə, bu rəqəm Azərbaycanın BMT Uşaq Hüquqları Konvensiyasının öhdəliklərinin yerinə yetirilməsinə dair hesabatına öz əksini tapıb.
2008-ci ildə bu rəqəm 58, 2009-cu ildə 54, 2010-cu ildə 57 təşkil edib. Ötən ilin ilk altı ayı ərzində Azərbaycanda 16 belə hal qeydə alınıb.
Statistikaya əsasən intihar edənlərin əksəriyyəti oğlan uşaqlarıdır. Azərbaycanda 2009-cu ildə 38 oğlan, 16 qız intihar edib. Analoji tendensiya sonrakı illərdə də müşahidə olunur.
Hesabatda bildirilir ki, Azərbaycan yeniyetmələr arasında intihar hallarının azalması üçün tədbirlər görür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təhsil müəssisələrində, risk qrupuna daxil olan ailələrdə psixoloqlar və mütəxəssislərin iştirakı ilə maarifləndirici işlər aparır.
Xatırladaq ki, Azərbaycan bu gün BMT Uşaq Hüquqları Komitəsinin Cenevrədə keçirilən 59-cu sessiyasında Uşaq hüquqları Konvensiyasının öhdəliklərinin yerinə yetirilməsinə həsr olunmuş hesabat təqdim edəcək.
DOSTLARINLA PAYLAŞ: