Azərbaycanda GUAM-a üzv ölkələrin Gənc Liderlərinin Forumu keçirilir
25 İyun 2010 Cümə 14:35
Bakıda GUAM-a üzv ölkələrin Gənc Liderlərinin Forumu keçirilir.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib ki, təşkilatın bütün addımları üzv ölkələrin gəncləri üçün yeni perspektiv və imkanların açılmasına yönəldilib: “Bu cür görüşlər, belə əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı anlaşmanın yaxşılaşmasına xidmət edir, çünki gələcək gənclərin əlindədir. Ümid edirəm ki, belə ünsiyyət GUAM və GUAM+ formatında gələcəkdə həyata keçiriləcək layihə və proqramın yaranmasına yardım edəcək”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, forum Azərbaycanın təşəbbüsü ilə keçirilir, onun məqsədi GUAM çərçivəsində gənclərin beynəlxalq əməkdaşlığının gələcək istiqamətlərini müzakirə etmək və həyata keçiriləcək birgə layihələri müəyyənləşdirməkdir.
Forumun yekunu olaraq qətnamə qəbul ediləcək. Qətnamənin layihəsində digər məsələlərlə yanaşı, GUAM məkanında həlli uzadılmış münaqişələrin həlli üçün əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulub. Bu bəndi şərh edən İ. Babayev deyib ki, GUAM-a üzv ölkələrin gəncləri müxtəlif beynəlxalq tədbirlərdə münaqişələrin həlli ilə bağlı vahid mövqedən çıxış edəcəklər. APA
DOSTLARINLA PAYLAŞ: