Azərbaycanda elm adamının maaşı 130 manatdan başlayır
10 Dekabr 2012 Bazar Ertəsi 00:21
Elm araşdırmanı sevir, bəs araşdırma nəyi?
Bütün yazılan və yazılacaq kitabların, monoqrafiyaların, elmi işlərin əsasında araşdırma durur. Araşdırma olmasa elm və elmin inkişafı da şübhəsiz ki, olmaz. 81 yaşlı Adil Axundzadə də düz 56 ildir ki, özünü elmə həsr edib. Elmlər Akademiyası Fəlsəfə, sosiologiya və hüquq institutunun aparıcı elmi işçisidir. Fəlsəfə elmləri namizədidir. Xalq epik təfəkükkürünün təkamülü dinamikası kimi çoxlarımıza maraqsız və darıxdırıcı görünə bilən, oxumağa hövsələsi çatmayan monoqrafiya da Adil müəllimin qələmindən çıxıb. Bu və bunun kimi onlarla monoqrafiyanı yazmaq üçün Adil müəllim Allah bilir nə qədər vaxtını arxivlərdə keçirib, toz udub. Əziyyətinin bəhrəsini isə rahat lukum kimi uda bilmir.
Çünki, bu gün elm adamına verilən maaş o qədər də çox deyil. Hətta nə qədər təəccüblü olsa da, özünü elmə həsr edən adamların maaşı 130 manatdan başlayır.
“Təsəvvür edin ki, kiçik elmi işçisi 130 manat, elmlər doktoru 320 manat alır. Avropa ölkələrində professora, elm adamına bizdən 10 dəfə artıq maaş verirlər. 10 dəfə, 5 dəfə də yox. Professor orada 4500 dollar maaş alır” – deyə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi Adil Axundzadə vurğulayır.
Qocaman alim deyir ki, elmə bu cür münasibət gəncləri bu sahədən çəkindirir. Heç kim elm dalınca getmək istəmir. Halbuki, orta əsr Azərbaycan alimlərinin ərəbcə yazılan əsərləri var ki, hələ də tərcümə olunmayıb və bu iş təkcə yüksək peşəkarlıq, zəhmət yox, həm də maddiyyat tələb edir.
Düzdür, alim son illər o əsərlərin orijinallarının dünya muzeylərindən, arxivlərindən Azərbaycana gətirildiyini də vurğulayır və bu işi yüksək qiymətləndirir. Amma deyir ki, gətirmək bir şərtdirsə, tərcümə ondan da vacib şərtdir.
“O işlər tərcümə olunmalıdır. Ruscaya tərcümə olunsa tez yayılacaq. Onlar bu işdə həvəskardırlar. Amerika alimi Kramer deyir ki, istoriya naçinaetsya s vostoka” – deyə Adil Axundzadə bildirir.
Yüzlərlə elmi məqalənin, 15 kitabın müəlilfi Nəsiman Yaqublu da ömrü boyu sponsor axtarışındadır. Deyir min zülmlə arxivlərdən faktları üzə çıxarırıq, amma çap etməyə gəlincə, işlər dalana dirənir.
“Şirməməd Hüseynov pensyiasını verib “Məmmədəmin Rəsulzadə”ni çap etdirir. Belə də elm olar, elmin inkişafı olar? “Xocalı”nı yazdım, heç kim kömək eləmədi. 100 tirajla çap etdirdim. “Rəsulzadə”ni də həmçinin. Belə elm olar?” – deyə Araşdırmaçı alim Nəsiman Yaqublu öz etirazını bildirir.
Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsində elmə 122 milyon manat vəsait ayrılıb. Bunun 59 faizi büdcə, yəni maaaşlardır. Qalanı elmin inkişafına sərf olunmalıdır ki, bunun bölünməsi də narazılıq predmetidir.
“Heç bir ali məktəbin büdcəsi yoxdur ki, alim harasa xaricə elmi konfransa gedəndə onu maliyyələşdirsin. Ona görə də elmin inkişafı yoxdur. Elmimiz pis gündədir” – deyə Nəsiman Yaqublu bildirir.
Milil Elmlər Akademiyasında da etiraf edirlər ki, elmə ayrılan büdcə kifayət deyil, bununla belə il-ildən vəziyyətin yaxşılaşacağına da ümid edirlər. Məsələn, AMEA-nüın elmi katibi Sərxan Abbasoğlu deyir ki, keçid dövründən modernləşmənin ikinci mərhələsinə keçərkən daxili potensialı aktivləşdirmək lazım gəlir ki, bu da bir neçə günün yox, bir neçə ilin işidir. Sovetlərdən qalma idarəetmə üsulunda yeniliklər də sözdə asandır, işdə yox. Buna rəğmən elmin inkişaf etdirilməsi üçün 2009 - 2015-ci illər üçün dövlət strategiyasının bu sahədə əhəmiyyətli dəyişikliklərə səbəb olacağına inanırlar. Deyirlər ki, elm fondu da daxil olmaqla müxtəlif fondların elmə veridyi maddi dəstək, ayrılan qrantlar məhz elmin inkişaf etdirilməsinə hesablanıb. Hər halda, 2015-ci ilin sonunda elm sahəsində ciddi naililyyətlər qazanacağımıza güclü inam var. Əslində isə bu inamı gənclərdə yaratmaq lazımdır. Elmə maraqları yaransın deyə.
Sokrat dyeirdi ki, elm dəyərdir, onu satana sofist deyirlər. Sofist intellektual fokusçu, dələduz deməkdir. Və bunun oxşarına sehrli xalat filmində rast gəlmişik. İo-Kio babanın timsalında. Elmimizi isə nə sehrli xalat, nə əd İo kio baba kimi intellektual fokusçular xilas edəcək. Elmimizi biz özümüz xilas etməliyik. Elmimizlə, və elmə münasibətimizlə.
DOSTLARINLA PAYLAŞ: