Azərbaycanda əcnəbilərə sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə başlanılıb
15 Aprel 2012 Bazar 02:09
Bu imkandan “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı ölkəyə gələn əcnəbilər yararlana biləcəklər.
Azərbaycan Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı respublikamıza gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aprelin 15-dən etibarən sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə başlayıb. AzərTAc xəbər verir ki, Azərbaycana gələn müsabiqənin iştirakçısı olan ölkələrin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin respublikamızdakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Vizanın verilməsi üçün əsas “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd və ya “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri sayılır.

“Eurovision-2012”nin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvlərinə vizalar 2012-ci il aprelin 15-dən iyunun 1-dək, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fan-klubun üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslərə 2012-ci il mayın 10-dan iyunun 1-dək veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar