Azərbaycanda dəmiryol biletləri POS-terminallar vasitəsilə satılacaq
27 Fevral 2012 Bazar Ertəsi 16:48
Yaxın günlərdə Azərbaycanda dəmiryol biletlərinin POS-terminallar və plastik kartlarla satışına başlanacaq.
«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, martın 1-dən etibarən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlər) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış POS-terminallar vasitəsilə nağdsız ödənişi sistemi tətbiq ediləcək.
Artıq «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişin daşımaları Departamenti nağdsız ödənişi həyata keçirmək üçün hazırlıq işlərini başa çatdırıb. Bilet kassalarında POS-terminallar quraşdırılıb, bilet kassirlərinin texnoloji prosesi mənimsəməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Fevralın 28-də «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişin daşımaları Departamenti və «Azericard» MMC-nin mütəxəssisləri Bakı-sərnişin stansiyasında bilet kassirləri ilə yekun təlimləri keçirəcək. «Bütün bunlar sərnişinlərə göstərilən mədəni xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb», - deyə məlumatda bildirilir.
DOSTLARINLA PAYLAŞ: