Azərbaycanda adam oğurluğu cinayətləri tam açılıb
22 İyul 2011 Cümə 20:38
Azərbaycanda adam oğurluğu cinayətləri tam açılıb. Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.
Bu gün Daxili İşlər Nazirliyində (DİN) daxili işlər orqanlarının bu ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin mühafizəsində, insan hüquq və azadlıqlarının qorunmasında əvvəlki illərin müsbət təmayülləri inkişaf etdirilib, əməliyyat şəraiti nəzarətdə saxlanılıb. Cinayətlərin qarşısının alınması, açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələrdə tətbiq edilən çoxsaylı informasiya resursları xidməti vəzifələrin icrasının effektivliyini əhəmiyyətli dərəcədə artırıb, hüquq pozuntuları barədə məlumatlara çevik reaksiya verilməsinə müsbət təsir göstərib.

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, bu ilin 6 ayında həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər cinayətkarlığa, onun mütəşəkkil və transmilli növlərinə qarşı mübarizənin daha məqsədyönlü aparılmasını təmin edib.

Nazirlik sistemində müasir texniki vasitələrdən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktik işin effektivliyini xeyli artırıb. “102” və “Təhlükəsiz Şəhər” xidmətləri tərəfindən məişət zəminində baş vermiş 2493 hüquqazidd əməlin, 147 ictimai asayişin pozulması faktının, 28 yanğının, 8 avtoxuliqanlığın və s. hadisələrin qarşısı alınıb, axtarışda olan 16 avtomobil saxlanılıb.

“Məlumat Portalı” vasitəsilə 447 təqsirləndirilən şəxs müəyyən edilib, cinayətlərin açılmasında əhəmiyyət kəsb edən 270 minə yaxın sorğu cavablandırılıb. Avtomatlaşdırılmış kriminalistik laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 22,4 faizi (1954) üzrə sübut bazası toplanılıb. Bütün subyektlər üzrə 12.139 cinayət qeydə alınıb ki, onların 95 faizi, yəni 11.520-si daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Həmin cinayətlərin 90,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 9,5 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Ümumi cinayətlərin 82,2 faizi, daxili işlər və prokurorluq orqanlarına aid olanların isə 83,4 faizi açılıb.

Qəsdən adam öldürməyə cəhdlərin açılması 3,3 faiz, avtonəqliyyat oğurluğu faktlarının açılması 60 faiz yaxşılaşıb, adam oğurluğu cinayətləri tam açılıb. Cinayətlərin ağır və xüsusilə ağır növləri 19 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 7,2 faiz, hədə-qorxu ilə tələb etmələr 33,3 faiz, cibgirliklər 3,7 faiz azalıb. Adamları girov götürmə və banditizm cinayətləri qeydə alınmayıb. Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin 31 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 155, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isə «isti izlərlə» 566 cinayətin açılması təmin edilib. Cinayətkarlığa qarşı mübarizədə vətəndaşların da böyük əməyi olmuş və qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 85 faizi məhz onların yaxından iştirakı ilə açılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar