Azərbaycanda 6 min il tarixi olan qəbirlər aşkar olunub
31 Avqust 2010 Çərşənbə Axşamı 22:00
Tapıntıların tədqiqi üçün rusiyalı alimlər də dəvət edilib.
Cəlilabad rayonun Üçtəpə kəndi ərazisindəki Alxantəpədə son bir ayda aparılan arxeoloji qazıntılar zamanı bir sıra yenil tapıntılar üzə çıxarılıb. Qeyd edək ki, bu abidə son Eneolit dövrünə aiddir, yəni abidənin yaşı 6 min ilə qədər hesablanır. Alxantəpə ekspedisiyasının rəhbəri arxeoloq, tarix elmləri doktoru Tufan Axundovun sözlərinə görə, Qafqazda Leylatəpə mədəniyyəti adı ilə tanınmış tarixi dövrlə uzlaşan bu abidə muğanda son Eneolit dövrünə aid ilk abidədir. Tədqiqatçı alim bildirir ki, bu yerdə aparılan qazıntı zamanı tarix elmi üçün qiymətli olan küp qəbirlər aşkar edilib. Küplərdə basdırılan və yanına qurbanlıq heyvan qoyulan qəbrlərin yaşı 6000 min ilə yaxındır. Son qazıntılar zamanı buradan tapılan tam yeni formalı saxsı qablar, kürələr, çiy kərpicdən inşa edilən tikililər və heyvan fiqurları bu abidənin qədimliyini bir daha təsdiqləyir.
“Bu il biz 5 qəbir tapmışıq. Bu qəbirlər içərisindəki qalıqlarla biz onların irqini, həm də etnik xüsusiyyətlərini müəyyənləşdirəcəyik və bunula Azərbaycanda etnogenizin qədim köklərini ayırd edə biləcəyik”,-deyə arxeoloq bildirib.
Alxantəpədəki qazıntılara qonşu Rusiyadan olan məşhur arxeoloq, tarix elmləri doktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü Sergey Karnevski də dəvət olunub. Mütəxəssis bu abidənin dəyərinin bir mədəniyyətə söykəndiyi fikrindədir.
“Bu, Rusiya və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığının həyata keçirilməsi proqramının davamıdır. Biz birgə səylər nəticəsində bütövlükdə Qafqazda əkinçilik və heyvandarlığın təşəkkül tapması dövrünü araşdırırıq. Buradakı material bizim ön Qafqaz regionunda tədqiq etdiyimiz Maykop mədəniyyətinə yaxındır”,-deyə Sergey Karnevski bildirib.
Xatırladaq ki, Alxantəpədə yerüstü materiallar 2006-cı ildə başlanan ilkin qazıntılar zamanı tapılıb və bu yerdə böyük bir tarixi dövrə aid arxeoloji dəlillərin toplandığı müəyyənləşib. 2008-ci ildən isə ərazidə intensiv qazıntılara start verilib və mütəxəssislər dərin qatlarda daha qiymətli tarixi sübutların üzə çıxacağını ehtimal edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: