Azərbaycana yeni ilin ilk qarı yağdı
03 Yanvar 2012 Çərşənbə Axşamı 10:28
Nəticədə bölgədə yollar buz bağlayıb.
Yeni ilin ilk günündən başlayaraq Azərbaycanın şimal bölgəsində şaxtalı hava müşahidə olunur. Ötən gecə isə bölgəyə qar yağıb. Quba ərazi hidrometeorologiya idarəsinin müdiri Aliyə Ələkbərovanın ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, şaxtalı hava yanvarın 4-nə kimi davam edəcək.
Qar ən çox Quba rayonunun Xaltan kəndinə yağıb. Burada qarın hündürlüyü 12 sm, havanın hərarəti isə -6 dərəcədir. Qubanın Xınalıq kəndində isə qarın hündürlüyü 4 sm, havanın temperaturu isə -12-yə çatıb. Qubanın özündə isə vəziyyət nisbətən yaxşıdır. Burada -2 dərəcə şaxta var və şəhərdə qarın hündürlüyü 2 sm-ə çatıb.
Şaxtalı hava rayonun yollarının buz bağlamasına səbəb olub. Lakin hələlik vəziyyət o qədər də kritik həddə çatmayıb.
Qusar rayonunda da şaxtalı hava müşahidə olunur. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda rayonda qar yağır. Qusarda havanın temperaturu -6 dərəcə, qarın hündürlüyü isə 4 sm-ə çatıb. Qusar rayonunda da yollar buz bağlayıb.
DOSTLARINLA PAYLAŞ: