Azərbaycana 18 il ərzində 780 mln. dollar humanitar yardım edilib
19 Avqust 2010 Cümə Axşamı 17:20
M. Məhərrəmov: “Bu yardımlar olmasa idi, humanitar fəlakət baş verə bilərdi”.
Avqustun 19-u Ümumdünya Humanitar Yardım günüdür.

1992-ci ildən başlayaraq donor ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana 780 milyon dollar həcmində humanitar yardımlar edib. Bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınlar, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, “müstəqilliyin ilk illərində bu yardımlar olmasa idi, humanitar fəlakət baş verə bilərdi”.
Məhərrəmov hazırda ölkədə 59 beynəlxalq humanitar təşkilatın fəaliyyət göstərdiyini bildirib: “Humanitar təşkilatlar və donor ölkələr indiyədək məcburi köçkünlər üçün 8 mindən çox sadə evlər inşa edib, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsində 700 ev, 600 ictimai bina təmir edib, 60 orta məktəb binası, 470 məktəb binası və səhiyyə obyekti üçün əlavə otaqlar tikib. Bu təşkilatlar həmçinin 250 min məcburi köçkün üçün gəlir əldə etmək mənbələri və icmanın inkişaf proqramları təşkil edib”.

Onun dediyinə görə, son illər Azərbaycan iqtisadi inkişaf əldə etdikdən sonra humanitar yardımların istiqaməti dəyişib və azalıb. “2000-ci ildən başlayaraq beynəlxalq təşkilatların humanitar yardımları inkişaf proqramları ilə əvəzlənməyə başlayıb. 1992-1994-cü illərdə humanitar təşkilatlar ildə 80-90 milyon dollar yardım edirdisə, hazırda bu rəqəm 25-30 milyon dollar təşkil edir. Dövlətin köməyi isə 1994-cü illərdə 10-12 milyon təşkil edirdisə, hazırda 300 milyon dollar səviyyəsindədir. Eyni zamanda, əvvəllər beynəlxalq təşkilatlar 200 min məcburi köçkünə, sonra isə 115 min nəfərə ərzaq yardımı edirdi, hazırda ərzaq yardımı edilmir”, - deyə Məhərrəmov əlavə edib.

Şöbə müdirinin müavini bildirib ki, 2000-ci ildən başlayaraq beynəlxalq təşkilatlar ölkədə 14 bank olmayan kredit təşkilatları yaradıb: “Bu təşkilatlar indiyədək 172 min insanı əhatə edən 200 milyon dollar kreditlər verib”.
Azərbaycan son illər həm də donor ölkə kimi çıxış edir. Hökumət bu günlərdə Pakistanda sel suları nəticəsində ziyan çəkənlərə bir milyon dollar yardım ayırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ münaqişəsinin təsirlərinə məruz qalıb. Rəsmi statistikaya görə, münaqişə nəticəsində bir milyona yaxın insan doğma yurdundan didərgin düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar