Azərbaycan Yüksək Səviyyəli Seqmentdə təmsil olunub
26 Fevral 2013 Çərşənbə Axşamı 13:40
Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasında çıxış edib.
BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 25-28 fevral tarixlərində keçirilən Yüksək Səviyyəli Seqmentin ilk günündə nazir müavini Xələf Xələfov çıxış edib.

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çıxışında Xələf Xələfov Azərbaycan Respublikası ilə BMT İnsan Hüquqları Şurası arasında mövcud əməkdaşlıq əlaqələri haqqında danışıb və İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikası Hökumətinin ikinci dövri milli hesabatına 2013-cü ilin 30 aprel tarixində baxılacağını bildirib.

Azərbaycan rəsmisi çıxışında həmçinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal faktı və onun ağır nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu günlərdə Azərbaycan xalqının dərin kədər və hüzn ilə Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etdiyini nəzərə çatdıran nazir müavini Xələf Xələfov, müxtəlif ölkələrdən tədbirdə iştirak edən yüksək vəzifəli şəxslərə Xocalı soyqırımının mahiyyətindən, azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğının bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmasından bəhs edib və beynəlxalq tanınmanın ədalətə xidmət edəcəyini vurğulayıb. Bu xüsusda, nazir müavini Xələf Xələfov İnsan Hüquqları Şurasını Xocalı soyqırımı üzrə faktların baxılması və qiymətləndirilməsi məqsədilə Xüsusi Komissiya yaratmağa çağırıb.

Eyni zamanda səfər çərçivəsində Xələf Xələfov Vyetnam Sosialist Respublikasının xarici işlər naziri Fam Bin Min və Özbəkistan Respublikası Milli İnsan Hüquqları Mərkəzinin sədri Akmal Saidov ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında münasibətlərin mövcud durumu və əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar