Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib
24 May 2010 Bazar Ertəsi 17:15
“Öz beynəlxalq tərəfdaşlarımızın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş “parlament seçkiləri”nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlılığını bölüşürük”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkənin Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən qondarma “parlament seçkiləri” keçirilməsi ilə bağlı bəyanat yayıb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikası öz beynəlxalq tərəfdaşlarının 23 may 2010-cu il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş “parlament seçkiləri”nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlılığını bölüşür: “Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini və Azərbaycan ərazilərinin işğalını örtbasdır etmək üçün növbəti cəhdi tam və qaçılmaz uğursuzluqla nəticələndi. Ermənistan tərəfi, öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. Avropa Parlamentinin Avropa İttigaqının Cənubi Qafqaz üçün Strategiyasına ehtiyac ilə bağlı yenicə qəbul etdiyi məruzədə də qeyd edildiyi kimi, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır”.
Bəyanatda bildirilir ki, Azərbaycan Ermənistan tərəfinin yeritməyə çalışdığı fait accompli əsasında həll variantınmı heç zaman qəbul etməyəcək: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaların Azərbaycanın daxilində demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər. Azərbaycan bir daha Ermənistan tərəfini öz destruktiv siyasətini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən tez və davamlı həllini tapmaq məqsədilə xoş məramla danışıqlar aparmaga çağırır”. APA
DOSTLARINLA PAYLAŞ: